"Bu şəklə baxanda bir ömrün səssiz mübarizəsi yadıma düşür... O illərdə həyat mənə bəzən çox çətin görünürdü. Təhsil alırdım, öz ayaqlarım üzərində dayanmağa çalışırdım, ailəmizin yaşaması, atamın həyatda bir az da artıq qalması üçün bir qız övladının bacara biləcəyi bütün gücü, zəhməti və istedadı ortaya qoyurdum. Elə bilirdim ki, həyatın ən ağır yükünü o zaman daşıyıram".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə paylaşdığı arxiv fotosuna yazıb. Sənətçi xoşbəxt illərinin fərqində olmadığını bildirib:
"Amma illər keçdi. Həyat yeni səhifələr açdı. Geriyə dönüb baxanda anladım ki, o vaxt yaşadığım çətinliklər əslində ömrümün ən gözəl, ən işıqlı səhifələri imiş. İnsan sonralar daha ağır sınaqlarla qarşılaşanda keçmişin əziyyətlərinə belə həsrətlə baxır.
Bəzən özümüzə bir sual verək: “Mən nə vaxt xoşbəxt olmuşam?”. Bu sualı mənə versələr, tərəddüd etmədən deyərəm ki, həyatımın ən xoşbəxt illəri uşaqlıqdan başlayaraq səhnədə keçirdiyim və 89-cu illərə qədər uzanan dövr olub. Sadəcə o zaman bunun fərqində olmamışam.
Həyat bizə bir həqiqəti öyrədir, hər şeyin dəyərini zamanında bilmək lazımdır. Çünki illər ötür, keçən zaman geri qayıtmır, nə göz yaşları ilə, nə yalvarışla, nə də peşmançılıqla. Zaman bağışlamır. Bu dünyada ən qüdrətli və ən sərt hakim zamandır. Çünki itirilən zamanın əvəzini heç nə ilə qaytarmaq olmur. Ona görə də bu günü yaşayaq, sevdiklərimizin qədrini bilək və xoşbəxt olduğumuz anları vaxtında görə bilək.
Şəkildəki gənc xanımın baxışlarında həm məsumluq, həm də böyük bir iradə görünür. Bəlkə də həmin baxışların arxasında məhz bu yazdığım hekayə dayanır".
