İsveçrənin saat firması "Patek Philippe"in 1932-ci ildə istehsal etdiyi məşhur "The Henry Graves Supercomplication" saatının hərraca çıxarılacağı ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın "Hürriyət"ə istinadən məlumatına görə, noyabrın 11-də baş tutan mərasimdə saatın ilkin qiyməti 15 milyon 544 min dollar olsa da, 24 milyon dollara satılıb. Onu alan şəxs adının açıqlanmasını istəməyib.
Texnologiya köməkliyi olmadan, əllə düzəldilən saat Cenevrədə yerləşən muzeydə saxlanılırdı. Amerikalı bankir Henri Qreyves tərəfindən 1925-ci ildə sifariş edilən cihaz 1932-ci ildə hazır olub. 1968-ci ildən 1999-cu ilə qədər Çikaqodakı Saat Muzeyində saxlanılıb. 1999-cu ilin dekabrında Nyu-Yorkda keçirilən hərracda 11 milyon 2500 dollara satılıb. Cib saatının bir çox özəllikləri var: günəşin çıxmasını və batmasını göstərir, göy üzünün ulduz xəritəsinə sahibdir.
Qeyd edək ki, "Patek Philippe" firması bir çox məşhurun da sevimli brendidir. Türkiyənin keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan bu brendin istehsalı olan saatı iş adamı Reza Zərraba hədiyyə etmişdi. Həmin saatın qiyməti 700 min lirə (təxminən 300 min dollar) olub.