İlkər Ayrık Bakıya gəldi - fotolar

İlkər Ayrık Bakıya gəldi  - fotolar
5645 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə istehsalı olan "Yapışık kardeşler" ("Bitişik qardaşlar") filminin yaradıcı heyəti Bakıya gəlib.

Axşam.az xəbər verir ki, aktyorlar bu gün baş tutacaq filmin qala gecəsində iştirak edəcəklər.

Ekran işinin rejissoru və baş rol ifaçısı, tanınmış aparıcı İlkər Ayrık Bakıya heyran olduğunu bildirib:

"İlk dəfədir buraya gəlirəm. Çox gözəl şəhərdir. Hələ ki, gəzmək imkanım olmayıb. Amma avtomobillə gedərkən binaları, memarlıq abidələrini, parkları gördüm. Mən Bakını uçuq-sökük bir yer kimi təsəvvür edirdim. Fikirlərimdə yanıldığımı gördüm. Hələ ki, milli mətbəxinizdən dada bilməmişəm. Bircə dolmanızı yedim. Həyat yoldaşım da mənimlə gəlib”.

İ.Ayrık filmlə bağlı fikirlərini bölüşərək qısaca süjet xəttindən bəhs edib:

"Filmdə Halim və Səlim qardaşlarının hekayəsindən danışılır. Bir-birlərinə bitişikdirlər. Evlənmək istəyirlər, amma heç kim onlara qız vermir. İstanbula gəlib qız tapmağa çalışırlar. Ekran işi bir aydır Türkiyədə nümayişə başlayıb. 2015-ci ilin ən uğurlu filmlərindəndir. İndiyədək bir milyona yaxın tamaşaçı izləyib. Planda var ki, ikinci hissəni də çəkək. Filmlərin çox olması bu sahədəki işlərin daha da böyüməsi deməkdir. Azərbaycan Türkiyə filmlərinin nümayişi üçün gözəl bir məkana çevrilib. Son vaxtlar ölkəmizin istehsalı olan bir çox ekran işi burada təqdim olunub.  Bu marağın daha da artacağına əminəm. Azərbaycan türk kinosuna xeyir verir. Biz bir millət, iki dövlətik".

İlkər Ayrık həmçinin aparıcısı olduğu “Ben bilmem, eşim bilir” verilişinin Bakıda seçim turları olacağını deyib:

"Verilişə Azərbaycandan çox müraciətlər olur. Qərara aldıq ki, Bakıda seçim turu keçirək.  Artıq yaradıcı heyət buradadır”.

Ekran işinin digər qəhrəmanı, aktyor Hakan Bulut da filmdəki rolundan danışıb:

“Halim obrazını canlandırıram. Filmdə qardaşımdan fərqli olaraq daha ağıllıyam. Ona məsləhətlər verir, pis işlərdən çəkindirirəm. Bakını çox sevdim. Bundan sonra da gələcəyimə əminəm”.

Sərvər MEHTİYEV

Foto: Ramin ASLANOV