Bəşir Səfəroğlunun 90 yaşı tamam olur - fotolar

Bəşir Səfəroğlunun 90 yaşı tamam olur -  fotolar
2945 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Azərbaycanın xalq artisti, görkəmli gülüş ustadı Bəşir Səfəroğlunun 90 yaşı tamam olur. Bu münasibətlə Bəşir Səfəroğlunun ailə üzvləri, sənət dostları onun xatirəsini yad ediblər.

Axşam.az-ın "Report"a istinadən xəbərinə görə, Bəşir Səfəroğlunun I Fəxri Xiyabandakı məzarını ziyarət edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət, Azərbaycan Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayev və Azərbaycanın görkəmli səhnə ustaları Bəşir Səfəroğlunun şərəfli sənət yolundan bəhs ediblər.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Bəşir Səfəroğlunun qısa ömür yoluna nəzər salaraq, "sənətkarın dəyəri onun ömrünün az və çox olması ilə izah edilmir. Əsl sənətkar 44 illik ömür payına sənətkar kimi illəri, əsrləri sığdıra biləndir. Bəşir Səfəroğlu 90 yaşında cavandır, gəncdir. Onu gələn nəsillər tanıyır, sevir, xatırlayır. Bu, bütün dövrlərdə belə olacaq", - deyə bildirib. 

Nazir müavini vurğulayıb:
 
"Bəşir Səfəroğlu ocağının yadigarı Afaq Bəşirqızı 7 oğulun görə bilmədiyi işləri görüb. Onun B.Səfəroğlu çırağını yandırması, onun sənət yolunu şərəflə davam etdirməsi və bu gün B.Səfəroğlunun məzarını önündə belə mərasimi təşkil etməsi hər bir övlad üçün, hər bir sənətkar üçün örnək hərəkətdir. Bu il Afaq Bəşirqızının da 60 yaşı tamam olur. Hər ikisini üst-üstə gələndə 150 il edir. Deməli, 150 ildir Bəşir Səfəroğlu bizə doğru bir yol gəlir və onun sənəti dünya durduqca yaşayacaq".

Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayev Bəşir Səfəroğlunun doğma teatrında yubiley tədbirlərinin keçiriləcəyini bildirib.

TXİ-nın sədri Azərpaşa Nemət görkəmli sənətkar Bəşir Səfəroğlunu xoş xatirələrlə yada salıb. B.Səfəroğlunun Zəfər Nemətovla dostluğundan danışan Azərpaşa Nemət "Bir zamanlar atalarımız dostluq edirdi, indi də biz Afaq xanımla dostuq, yoldaşıq, həmkarıq. Afaq çox oğulların edə bilmədiyini atası üçün etdi. Onun adını yaşatdı, ucalara qaldırdı, atasının xatirəsini hər zaman əziz tutdu, unudulmağa qoymadı və ən əsası, Bəşir Səfəroğlunu əbədiyyətə qovuşdurdu", - deyə əlavə edib.

Xalq artisti Tariyel Qasımov, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov böyük sənətkar haqda ürək sözlərini deyiblər.

Bəşir Səfəroğlu ocağının yadigarı, xalq artisti Afaq Bəşirqızı 2015-ci ilin "Bəşir Səfəroğlu ili" olacağını bildirib:
 
"Bu gün Bəşir Səfəroğlunun 90 yaşı tamam olur. Martın 27-də Türkiyədə B.Səfəroğlunun xatirəsi anılacaq. Bilirsiniz ki, Türkiyədə Bəşir Səfəroğlunun adını daşıyan gəmi var. Martın 27-də həmin gəmidə atəşfəşanlıq olacaq, böyük sənətkarın ruhu yad ediləcək. Yubiley tədbirləri Moskvada və ABŞ-da keçiriləcək. İlin sonunda isə Bəşir Səfəroğlunun 90, Afaq Bəşirqızının isə 60 illik yubiley tədbiri onun doğma vətənində, doğma teatrında keçiriləcək. Bəşir Səfəroğlu 90 yaşında həmişəcavandır. O, mənim yaddaşımda belə qalıb. Bu gün məzarının yan-yörəsi güllərlə bəzənib. Sənətkarlar gülləri və alqışları çox sevirlər. Bəşir Səfəroğlunun əhatəsində güllər var, qalır alqışlar. Gəlin, Bəşir Səfəroğlunu alqışlarla da xatırlayaq".

Xatırladaq ki, Bəşir Səfəroğlu 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşından sürücülər klubunun dram dərnəyinə gedib. Kiçik intermedialarda, birpərdəli məsxərələrin tamaşalarında rollara çəkilib. 1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbidən "kontuziyalı" qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Azərbaycan Dövlət Musiqili Komediya Teatrında saysız-hesabsız maraqlı rollar ifa etsə də, bədii filmlərdə az çəkilib. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır"və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov obrazlarını canlandırıb. "Aygün" filmində də maraqlı obraz ifa edib. Bəşir Səfəroğlunun ən maraqlı ekran əsəri "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xoca Nəsrəddin obrazı olub.

Bəşir Səfəroğlu 1969-cu il, martın 23-də 44 yaşında Bakıda vəfat edib.