Müğənni Sami Yusuf 9 ildən sonra yenidən Bakıya konsert verməyə gəlib.
Axşam.az-ın məlumatına görə, əslən azərbaycanlı olan sənətçi bu gün jurnalistlərlə görüşüb.
Heydər Əliyev Sarayında baş tutacaq konsertdə ifaçını yerli musiqiçilər müşayiət edəcək. Elə buna görə də Sami Yusuf konsertdən bir neçə gün əvvəl paytaxta gəlib.
Azərbaycan musiqisindən danışan sənətçi yerli müğənnillərdən dahi Şövkət Ələkbərovanı, Rəşid Behbudovu tanıdığını, mahnılardan isə “Küçələrə su səpmişəm” , “Sarı Gəlini” bildiyini söyləyib.
Martın 14-ü və 15-də keçiriləcək "Sarı gəlin" adlı konsertdə məşhur ifaçı 19 mahnı səsləndirəcək.
S.Yusuf Azərbaycan dilini başa düşdüyünü bildirib. Şəhərimizlə bağlı fikirlərini bölüşən müğənni bunları deyib:
"Yeni binalar tikilib, Bakı dəyişib, gözəlləşib. Amma mən qədim şəhəri görmək, köhnə çayxanalarda olmaq istəyərdim. Köhnə Bakını daha çox bəyənirdim".
S.Yusuf təşkilatçılardan heç bir xüsusi tələbi olmadığını söyləyib:
"Mənə yatmaq üçün bir yorğan, bir döşək bəsdir. Qaldığım otaq çox böyükdür. Təşkilatçılar mənə gözlədiyimdən artıq diqqət göstərirlər, onlara minnətdaram".
Sərvər MEHTİYEV
Foto: Ramin ASLANOV