ATV-də yayımlanan “Azərbaycanın səsi” verilişinin növbəti buraxılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, münsiflər xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Nadir Qafarzadə iştirakçılarla bağlı fikirlərini bölüşüblər.
N.Qasımova yarışmaçıların qüsurlarını dilə gətirib:
“İştirakçıları pisləmək istəmirəm. Hərəsi ayrı-ayrılıqda bir ifaçıdır. İlk gündən hamının mənfisini demişik. Eləsi var ki, heç düzəlməyəcək. Bəzilərini isə zamanla düzəldəcəyik”.
E.Seyidcahan isə qızının toyundakı libasına görə, onu qınayanlara münasibət bildirib:
“Məni qınayırlar ki, qız anasıdır, niyə belə geyinib? Bunlar paxıllıqdandır. Qızım uşaqlıqdan çalışırdı mən yaxşı görünüm. Toyunda da məni fərqli görmək istəyirdi. O qədər oynamışam ki... Yorğunam, amma verilişdən qalmadım və gəldim”.
Münsif Elton Hüseynəliyev canlı yayıma qatılmayıb.
Aparıcılığı Afaq Gəncəli və Ruslan Ağayevə həvalə olunan yarışmanı bu həftə dörd iştirakçı tərk edib.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Proqrama hər həftənin çərşənbə axşamı
"Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.