Mehriban Əliyeva Parisdə konfransda - fotolar

Mehriban Əliyeva Parisdə konfransda -  fotolar
1671 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub.

Axşam.az-ın məlumatına görə, azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib.

Konfransın aparıcısı politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışıb.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu bildirib.

Birinci xanım Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirib:
 
“Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırıb və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib.

Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırdı ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirib.

Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı ön plana çəkib. 

“Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”,- deyən Mehriban Əliyeva Azərbaycanın bu təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğulayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir daha konfrans iştirakçılarına minnətdarlıq edib və bildirib ki, belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mehriban Əliyeva konfransın 2-ci hissəsinin gələcəkdə Bakıda keçirilməsi təklifi ilə çıxış edib

Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı, Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri də iştirak ediblər. (AzərTac)