Azərbaycanın aparıcı caz ifaçılarından biri olan Emil Əfrasiyab sentyabrın 7-də 20-ci dəfə keçirilən nüfuzlu Kolmar Caz Festivalının (“Festival de Jazz de Colmar”) açılışını edib.
Onun festivalda iştirakı “Azərbaycan obyektivdə” adlanan və Azərbaycanın 30 möhtəşəm görüntüsündən ibarət olan sərgi ilə tamamlanıb.
Bütün dünyadan olan həm həvəskar, həm də peşəkar fotoqraflar bu şəkilləri Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən keçirilmiş müsabiqə üçün çəkib.
Cəmiyyətdən Axşam.az-a verilən məlumata görə, həmin fotoşəkillər hazırda “Pôle Média Edmond Gerrer” mərkəzində sərgilənir.
Caz festivalının açılışında çıxış edən Kolmar şəhərinin meri Gilbert Meyer Şəkiyə səfər edən nümayəndə heyətinə rəhbərlik etdiyini xatırladıb:
“Bu, xüsusi bir axşamdır. Ona görə ki, bu konsert bizə Azərbaycanın Şəki şəhəri ilə imzaladığımız dostluq və əməkdaşlıq sazişini xatırladır. Biz Azərbaycanın görkəmli pianoçularından biri olan Emil Əfrasiyabı salamlayırıq. O, caz musiqisini muğam elementləri ilə birləşdirir. Muğam isə UNESCO tərəfindən Misir ehramları qədər tanınır. Azərbaycan və Fransa böyük dostlardır, baxmayaraq ki, fərqli mədəniyyətlərə malikdirlər. Şəki isə Qafqazın incisidir. Kolmar və Şəki hərəsi öz ölkəsində eyni əhəmiyyətə malik şəhərlərdir. Bu saziş Fransa ilə Azərbaycan arasındakı münasibətlərin gücləndirilməsində mühüm rol oynayır. Bu axşam burada Azərbaycan hökumətini Azərbaycanın Fransadakı səfirliyinin I katibi Ayaz Qocayev təmsil edir”.
Tamaşaçılar arasında Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Emin Eyyubov da yer alıb.
Emil “Salle de Spectacles Europe” mərkəzində 300 entuziast caz həvəskarı ilə tam dolu zalda çıxış edib. Bundan əlavə, konsert yerli televiziya kanalı olan TV7 Kolmar kanalında canlı yayımlanıb.