Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun 70 illiyi münasibətilə Moskvada onun fərdi sərgisi açılıb.
Axşam.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgidə iştirak edib. O, rəssamla bağlı fikirlərini bölüşüb:
“Hər bir rəssamın fərdi sərgisi onun həyatında çox böyük hadisədir. Moskvada, Mərkəzi Rəssamlar Evində təşkil edilmiş sərgi isə Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında Sizin xüsusi xidmətlərinizi vurğulayır”.
Səfir sərginin açılış mərasiminə gələnlərə rəssamın taleyindəki faciəli məqamları xatırladıb. O qeyd edib ki, Əsgər Məmmədov əslən Qarabağdandır. 1992-ci ildə Qarabağ müharibəsi dövründə erməni işğalçıları rəssamın qalereyasına od vurublar, orada sənətkarın 200 rəsmi məhv olub. Rəssam bu zərbədən sonra yenicə özünə gələn bir vaxtda tale ona ikinci zərbəni vurub. 2005-ci ilin mart ayında Moskva ətrafında, İzmaylovodakı “Russkoye podvorye” tarixi memarlıq kompleksində Əsgər Məmmədovun sərgisi uğurla keçdi. Martın 26-da qalereyanın taxtadan tikilmiş binasına od düşdü və qalereya bir neçə dəqiqə ərzində yanıb məhv oldu.
Polad Bülbüloğlu sözünə davam edərək bildirib:
“Lakin Əsgər təslim olmadı. Bugünkü sərgi bir daha təsdiq edir ki, dözümlülük və qətiyyət, öz gücünə inam hissi rəssamın yaradıcı işini davam etdirməsinə imkan verir. Bugünkü sərgidəki rəsmlərin əksəriyyəti yeni əsərlərdir. Bu işlərin çoxunda doğma diyar, Qarabağ nisgili duyulur. Onun natürmortlarında Azərbaycanın brendləri - heyva və nar təsvirləri göz oxşayır. Rəssamın bənzərsizliyi ondadır ki, o, öz yaradıcılığı ilə milli dəyərləri beynəlmiləl dəyərlər səviyyəsinə çatdırır”.
Rusiyanın əməkdar rəssamı Viktor Buskinin fikrincə, Əsgər Məmmədovun əsərləri Azərbaycan ruhunu əks etdirir. Rusiyalı rəssam yubilyar haqqında deyib:
“Əsgər Məmmədov bütün janrlarda eyni dərəcədə uğurla işləyir – istər peyzaj janrı olsun, istər portret, natürmort, süjetli rəsmlər və ya qrafika. Onun öz dəsti-xətti və yetkin koloriti var”. Həmkarının insani keyfiyyətlərini xüsusi vurğulayan V.Buskin qeyd edib ki, Əsgər Məmmədov gözəl insan, incə qəlbli, lakin eyni zamanda ruhən çox güclü adamdır, əsl ziyalıdır”.
Əsgər Məmmədov tədbirə toplaşanların hamısına, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başda olmaqla Fondun Rusiyadakı nümayəndəliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Ümumrusiya Azərbaycanlılar Konqresinə ona ünvanlanmış təbriklərə və yaradıcılığını daim dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Yubilyar xüsusi vurğulayıb ki, əgər sənətkarın istedadlı şagirdləri varsa, onun yaradıcılığı davam edir. Onun belə şagirdlərindən biri Murtuza Bülbüldür.
Murtuza Bülbül öz müəlliminə ən yüksək qiymət verərək deyib:
“İnsan yaxşı rəssam, yaxşı musiqiçi ola bilər... Lakin yaxşı müəllim olmaq – bu da bir ustalıqdır. Əsgər müəllim yaxşı müəllimdir və buna görə ona təşəkkür edirəm”. (AzərTac)