Modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın yeni kolleksiyası Çinin Urumçi şəhərində keçirilmiş “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının mükafatı ilə təltif olunub.
Bu barədə Axşam.az-a modelyerin Milli Geyim Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.
“Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş milli geyimlərdən ibarət kolleksiya nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.
25 geyimdən ibarət kolleksiyanın nümayişində çinli modellər iştirak ediblər. Kolleksiyanın nümayişi Çin KİV-ində də geniş işıqlandırılıb.
Festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.
Xatırladaq ki, bu kolleksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi, Heydər Əliyev Fondunun I Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə təşkil etdiyi ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində cari ilin aprelində Londonda təqdim olunmuşdu.
Qeyd edək ki, G. Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri"nə görə mükafat almışdı.