Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib.
Axşam.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verib.
Qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkün olacaq.
Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlət başçısına təqdim edilib.
Prezident İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsib.
Prezident İlham Əliyev yeni marşrut üzrə hərəkət edəcək qatarların xidməti heyəti ilə görüşüb.
Dövlət başçısı deyib:
"Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar almışıq. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər və Azərbaycan dəmir yolu ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edəcək. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.
Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilib. Həm xətt yenilənir, - indi qatarlar yüksək sürətlə işləyəcək,- həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram". (AzərTac)