Bu gün xalq artisti Brilliant Dadaşovanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, müğənni 56 yaşını qeyd edir.
B.Dadaşova Bakı şəhərində anadan olub. Onun anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. B.Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə müğənni Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bu mahnı Azərbaycanda çox məşhur olub. Həmin ildə B.Dadaşovanın eyni adlı musiqi albomu işıq üzü görüb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bilib. 1989-cu ildə B.Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.
Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb.
1997-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti adına layiq görülüb.
Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.