Gənc Tamaşaçılar Teatrı yeni – 88-ci teatr mövsümünün ilk tamaşalarını sentyabrın 19-da nümayiş etdirəcək.
Axşam.az-ın məlumatına görə, tamaşalar saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Culyetta” göstəriləcək.
Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.
İki hissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları oynayacaqlar.