Sentyabrın 25-də Musiqili Teatrda SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqalardan ibarət maraqlı süjeti, düşündürücü, məntiqli yumoru ilə diqqət çəkən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Riqanın, Sankt-Peterburqun, Volqaqradın, Nalcikin Musiqili Teatrlarında tamaşaya qoyulub.
Qeyd edək ki, beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.