ATV-nin aparıcısı İlkin Həsəni ANS-lə aralarındakı məhkəmə prosesindən danışıb.
Axşam.az-a açıqlama verən aparıcı yayılan söz-söhbətlərə münasibət bildirib:
“Heç bir kanaldan üzr istəmək söhbəti yoxdur. Bu yaxınlarda vəkilim İntiqam bəy bu məsələ ilə bağlı açıqlama verəcək. ANS telekanalı məni məhkəməyə verib. Proses hələ davam edir. Qərar nə olub, nə ediləcək bunları yaxın günlərdə yayacağam".
Qeyd edək ki, aparıcı M.Əliverdiyevanın mayın 19-da Bakıda yanan bina ilə bağlı dediyi, “Bir külək idi, gəldi keçdi” sözləri qalmaqal yaratmışdı. ANS telekanalının aparıcı ilə bağlı süjet hazırlaması və onu tənqid etməsi bir çoxlarını özündən çıxarmışdı.
Həmkarını müdafiə etməyə çalışan İ.Həsəni “14 ildir telekanalda işləyirəm. Bu müddət ərzində çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm telekanal adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi. Hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz. Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz. Yaxşı, olsun” sözlərini demişdi.
ANS aparıcını bu təhqirə görə məhkəməyə vermişdi. Daha sonra telekanal tərəfindən qətnamə yayılmışdı:
“ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib.
İlkin Aydın oğlu Həsənli 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təkzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir”.
ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova məhkəmə qərarından razı qaldırdıqlarını bildirmişdi.
Foto: Ramin ASLANOV