Gənc aktrisa Gülşən Hüseynli sənət dostları və yaxınlarıyla birlikdə ad gününü qeyd edib.
Axşam.az-a açıqlama verən aktrisa həmin günün onun üçün ikiqat özəl olduğunu bildirib:
“25 yaşıma keçdim. Yaxınlarımla və sənət dostlarımla birlikdə çox gözəl ad günü qeyd etdim. Həmin gün mənim anamın da doğum günüdür. İlk təbriki canım anamdan aldım. Onu da ilk təbrik edən mən oldum. Rejissor Kənan M.M., aktyor Şirzad Pirallahi, Raqib Axundov, Nəsimi Mirzoyev, müğənni dostlarımdan Lətafət Məhərrəmli məni tək qoymadılar”.

G.Hüseynli ad günündə gözlədiyi xüsusi təbrikdən də danışıb:
“Gözlədiyim özəl hədiyyə dostlarımın, pərəstişkarlarımın yazdıqları təbrikləri idi. Ən bahalı hədiyyə isə anamın aldığı zinət əşyası oldu”.
Aktrisa yaradıcılığından da söz açıb:
“Hazırda “Bir ailəm var” serialında Safura rolunu canlandırıram. Tərəf müqabilim unudulmaz şairimiz Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənlidir. Çəkildiyim filmlər də çoxdur. Onlardan biri bu yaxınlarda nümayişə girəcək “Güc sahibi” mistik trilleridir. Burada fərqli obrazdayam. Hətta rolum üçün neçə illik qara saçlarımın rəngini də dəyişdim. Filmdə sevgi, nifrət, qorxu və din mövzusu bir yerdə cəmlənib. Tərəf müqabilim istedadlı aktyorumuz İlqar Musayevdir. Hələ indiyədək belə film olmayıb. Tamaşaçılar izləyib qiymət verəcəklər”.
Gülşən bu il üçün planlarını açıqlayıb:
“Keçən ildən çəkilişləri davam edən, Türkiyə-Azərbaycan istehsalı olan “The Game” filmini tamamlamağı düşünürük. Əsas qəhrəman olduğum bu ekran işində Türkiyə və Azərbaycan aktyorları iştirak edirlər. Hədəfim daim irəli getməkdir. Türkiyədə serial təklifi almışam. Bunu dəyərləndirməyi düşünürəm. Təsdiq olunandan sonra bu barədə məlumat verəcəyəm”.
G.Hüseynli film və ya serial təklifi zamanı ssenariyə daha çox fikir verdiyini deyib:
“Çünki ssenari maraqsız olsa, rejissor nə etsə də, ona rəng qata bilməyəcək. Rejissorla ssenarinin möhtəşəmliyi bir arada cəmləşəndə uğurlu bir iş olur. Tərəf müqabillərinə gəldikdə isə, indiyədək bəyənmədiyim tərəf müqabilim olmayıb. Əksinə, Toğrul Rza, Şirzad Pirallahi, Pərviz Məmmədrza, Dilarə Əliyeva kimi istedadlı şəxslərlə çəkilmişəm”.
Gülşən Hüseynli aktrisa olmaq qərarında onu ailəsinin dəstəklədiyini bildirib:
“Uşaq vaxtımdan incəsənəti çox sevir, musiqi, rəqslə məşğul olurdum. Ailəm, xüsusilə anam məni hər zaman dəstəkləyib. Sənətə gəlməyimin səbəbkarı isə rejissor Elxan Cəfərovun çəkdiyi, dahi şairimiz Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş film-klipi oldu. 13 yaşım olanda Elxan müəllim məni kəşf etdi. “Yenə o bağ olaydı” klipində Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımı canlandırırdım”.

Gülşən özünə kumir gördüyü aktrisaların adlarını açıqlayıb:
“Sənətinə və özünə vurğun olduğum Türkan Şorayı özümə kumir görürəm. Kameron Dias da bəyəndiyim aktrisalardandır. Ümumiyyətlə, işimin peşəkarı olduğum üçün müsbət və mənfi qəhrəmanları oynamaq mənə çətin gəlmir. Sonuncu filmimdə mənfi roldayam – necə deyərlər, filmin “bella mafiyası”yam”.
Nuranə ABBASOVA,
Foto: Rüstəm FƏRMAN