“Yeni ulduz” layihəsindən tanınan müğənni Sehri Rəhimova bundan sonra fəaliyyətini modelyer kimi davam etdirəcək.
Axşam.az-a açıqlama verən Sehri moda evi açdığını bildirib:
“Uşaqlıqdan dəblə maraqlanmışam. Rəfiqələrim hər zaman harasa gedəndə məndən geyimlə bağlı məsləhətlər alırlar. Mən də canla-başla onlara öz tövsiyələrimi verirdim. Eyni zamanda son vaxtlar mağazalardan ürəyimcə bir libas tapa bilmirdim. Aldığım hər paltarda hansısa bir nüans xoşuma gəlmirdi. Xarici jurnallarda axtardığım qlamur geyimləri tapa bilmirdim. Düşündüm ki, niyə öz moda evimi yaratmayım? Beləcə, həm öz istədiyim kimi libaslar tikərəm, həm də xanımlar üçün fəaliyyət göstərərəm. Bir müddətdir modelyerlik edirəm. İndi görürəm ki, qərarımda yanılmamışam. Hazırladığım libaslara böyük maraq var”.
Sehri artıq ilk kolleksiyasını tamamladığını deyib:
"Bunun üzərində 2 ay çalışdım. Hazırladığım libaslar sırf ziyafət geyimləri deyil. Bu paltarları xanımlar işə, gəzməyə gedərkən də geyinə bilərlər. Mən qadınlarımızı hər zaman baxımlı, cazibədar görmək istəyirəm. Artıq ikinci kolleksiyam da hazır olmaq üzərdir. Buraya idman stilli geyimlər də əlavə edəcəm. Bu idman geyimləri yeni tərzdə olacaq və digərlərindən çox fərqlənəcək".
S.Rəhimovanın sözlərinə görə, geyimlərinin qiyməti xanımlar üçün münasibdir.
O, həmçinin ifaçılıq sənəti ilə vidalaşmasının səbəbini açıqlayıb:
“Müğənnilik karyeramı çoxdan bitirmişəm. Bununla mənim uşaqlıq xəyallarım da başa çatdı. Bəzi məqamlar bu sahədən uzaqlaşmağıma səbəb oldu. Müğənnilik sənətinin xoşagəlməz tərəflərini gördüm və anladım ki, daha istəmirəm. İndi özümü modelyerlikdə tapmışam”.
Qeyd edək ki, Sehri bir müddət modelliklə də məşğul olub. O, ilk kolleksiyasını da elə özü təqdim edib.
Geyimlərin sifarişi üçün (055) 936 92 29 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.