"Sundance" beynəlxalq film festivalında "Əli və Nino" dram filminin premyerası baş tutub.
Axşam.az-ın məlumatına görə, premyerada filmin rejissoru, "Bafta" mükafatı sahibi Asif Kapadiya, prodüseri Kris Tikyer və "Əli" rolunun ifaçısı Adam Bakri iştirak ediblər. Premyeradan öncə filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıblar. Asif Kapadiya bildirib ki, bu film kənar maraqların qurbanına çevrilən uğursuz sevgi hekayəsinin qəhrəmanları haqqındadır və belə filmlər artıq çəkilmir.
"Bu film həm də neft və hər kəsin ondan bir parça istədiyi halda, onun regiona gətirə biləcəyi dağıntı haqqındadır" - deyə, rejissor əlavə edib.
"Əli və Nino" filmi inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir edilir. Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir. (buro247.az)