Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə də maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, həftəsonu tamaşaçılara üç gün ərzində 6 tamaşa təqdim ediləcək. Bunlar fevralın 19, 20 və 21-də göstəriləcək “O olmasın, bu olsun”, “Skapenin kələkləri”, “Dəcəl çəpişlər”, “Mən dəyərəm min cavana” və “Bir dayan, canavar!” tamaşalarıdır. Musiqili Teatr bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, fevralın 19-da J.B. Molyerin “Skapenin kələkləri” əsəri böyüklər üçün, fevralın 21-də isə “Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin fevralın 20-də “Dəcəl çəpişlər” əsərinə Azərbaycan dilində baxa biləcəklər.
Tamaşaçılar həftəsonu təqdim ediləcək səhnə əsərlərində sevimli aktyorlar – xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Boris Qrafkin, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, balacalar üçün olan tamaşalar saat 12.00 və 14.00-da, böyüklər üçün isə 19.00-da nümayiş olunacaq.