Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəki şəhərində vətəndaşların qəbulundan sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
Nazirlikdən Axşam.az-a verilən məlumata görə, Şəki şəhər Mərkəzi Kitabxanasında nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı haqqında məlumat verilib.
Nazir kitabxananın fəaliyyətinin daha da təkmilləşdirilməsi, o cümlədən səyyar kitabxana xidmətinin genişləndirilməsi barədə tapşırıqlar verib.
Ə.Qarayev "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Nazir daha sonra xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Şair sağlığında bu evi uşaq bağçasına verib. Hazırda burada Şəki şəhər 3 saylı uşaq bağçası yerləşir.
Bildirilib ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq uşaq bağçası üçün yeni bina inşa olunacaq. Bundan sonra həmin evdə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq. Diqqətə çatdırıldı ki, ev-muzeyinin layihəsi artıq hazırdır. Layihə ilə tanış olan Əbülfəs Qarayev muzeyin yaradılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verib.