“Yeni mahnılarım çoxdur. Yaxın günlərdə Könül Kərimova ilə duet şəklində oxuduğum “Darıxdım” mahnısını təqdim edəcəyəm. Könül xanımın sənətinin vurğunuyam”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib.
Yaradıcılığındakı yeniliklərindən bəhs edən ifaçı bildirib ki, yaxın günlərdə bir neçə mahnı təqdim edəcək:
“Dünya” adlı daha bir mahnım hazırdır. Musiqisi özümə, sözləri Tahir Məhərrəmliyə aiddir. Bunu noyabrda təqdim edəcəyəm. Könül xanım üçüncü duet ortağımdır. Bu günə qədər üç xanım ifaçı ilə - Flora Kərimova, Nura Suri ilə də duetim olub. Xanımların kaprizləri çox az olur. Ona görə də duetlərimin sayı azdır”.
Müğənniliklə yanaşı bəstəkarlıqla da məşğul olan E.Abdullayev həmkarlarına mahnı verdiyini deyib:
“Günay İbrahimli bəstəmi çox gözəl formada oxudu, tam fərqli alındı. O qədər müğənniyə mahnı vermişəm ki... Amma hələ heç biri təqdim edə bilməyib. Eyni mənim tərzimdə oxuyurlar, mən isə bunu istəmirəm.
Bəstəkarlıq həm də mənim qazanc mənbəyidir. Bəstələr üzərində çox əziyyət çəkirəm. Böyük məbləğ olmasa da, onlardan gəlir əldə edirəm”.
Avtomobilini tez-tez dəyişən E.Abdullayev yeni maşın aldığını söyləyib:
"Son günlər mənə zarafatla deyirlər ki, "alverçiliyə keçmisən". Maşını alıram, sürürəm, sonra sayta baxıram, xoşum gələn olan kimi, dəyişirəm. Bir ayın içində beş-altı dəfə avtomobil dəyişdim. Hər dəfə avtomobil satanda uduzuram".
İfaçı oğlu Tuncaydan da bəhs edib. O, övladının müğənni olmasına icazə verməyəcəyini deyib:
"Oğlum 1 yaş 8 aylıqdır. Amma onda bu sənətə maraq hiss edirəm. Birdə görürsən nəsə zümzümə edir. Onun müğənni olmasına icazə vermərəm. Çox çətin sənətdir. Bu sahəyə meyili olsa da, onu çəkindirəcəm".
Foto: Ramin ASLANOV