Əməkdar artist Əkbər Əlizadə “Hoqqa” filminin qala gecəsinə qatılıb.
Tədbirə xanımı ilə gələn aktyor Axşam.az-a açıqlamasında yaxın günlərdə yeni filmlə tamaşaçı görüşünə gələcəyini deyib.
Ə.Əlizadə bildirib ki, rol aldığı "Bayram axşamı" filmində mənfi obrazı canlandırıb:
“Rol aldığım “Bayram axşamı” filminin təqdimatını edəcəyik. Tamaşaçılar məni bu dəfə fərqli ampluada görəcəklər. Hər zaman mehriban, səmimi, gülərüz görünən Əkbər bu dəfə ikiüzlü, yalançı, sözünun arxasında durmayan biri kimi ekrana gələcək. Biz həyatdakı mənfi xüsusiyyəti olan insanların obrazını filmlərdə canlandırırıq".
Ə.Əlizadə filmlərə çəkilmək üçün istədiyi qonorardan söz açıb:
"Desəm ki, bahalıyam, Hollivud aktyorları ilə müqayisə olunanda pis vəziyyətə düşəcəm. Bizim aktyorlar mənən zəngindirlər. Çünki onlara hansısa rol deyiləndə, gözəl canlandırırlar. Qonorarımı açıqlamıram, çünki tamaşaçı qınayacaq. Mənə təklif gələndə önəm verdiyim amil obrazın mənə uyğun olmasıdır. Təkliflər gəlir, amma seçim o qədər də böyük deyil.
Mən həm aparıcı, həm qiraətçi, həm də aktyor kimi fəaliyyət göstərirəm. Bu gün prezident mükafatı alıram, bu da ailəmə böyük dəstəkdir. Teatrda, telekanalda çalışıram. El məclislərinə dəvət alanda isə çox sorğu-sual aparıram: kim verdi nömrəni, toyda kimlər olacaq? Ruhuma yaxın olan insanların toyuna aparıcı kimi gedirəm. Toya dəvət alanda bir həftə məsuliyyət yaşayıram".
Aktyor ssenari yazan aktyorları qınayıb:
"Hər film tənqidlə qarşılanır. Hamı deyir ki, biz Yaşar Nuri, Hacıbaba Bağırovu görmək istəyirik. Yeni film çəkənlərə bir tənqidim var: özləri yazıb, özləri oynamasınlar. Aktyorun rejissoru olmalıdır. Mənim üçün ən böyük tərif düzgün tənqiddir. Tənqiddən nəticə çıxarıram. Boş, yalançı təriflərin nə faydası?".
Foto: Ramin ASLANOV