Dövlət Gənc Tamaşaçılar Teatrında məktəblilərin qış tətili günlərində klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşaların paradı təşkil edilib.
Axşam.az xəbər verir ki, yanvarın 25-dən start götürən tamaşalar paradı yanvarın 30-dək davam edəcək. Məktəblilər və şəhərimizin qonaqları yanvarın 26-da saat 12.00, 14.00 və 16.00-da M.F.Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran”, yanvarın 27-də saat 12.00, 14.00 və 16.00-da dahi dramaturqun daha bir əsəri – “Hekayəti - Xırs quldurbasan”, ayın 28-də saat 12.00, 14.00, 16.00-da Y.Şvartsın “Qırmızı papaq”, 29 yanvar tarixində H.X.Andersenin “Çirkin ördək balası” (saat 12.00, 14.00, 16.00), yanvarın 30-da isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” (saat 12.00, 14.00, 16.00) tamaşalarını izləmək şansı əldə edəcəklər.
“Belə layihələrin həyata keçirilməsində əsas məqsəd məktəblilərin, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirmələridir. Habelə onları klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanan ən yaxşı nümunələrlə tanış etmək istəyirik" deyə, teatrın direktoru Mübariz Həmidov bildirib.