“Mənim üçün obrazın böyüyü-kiçiyi yoxdur. Əsas odur ki, tərəf müqabillərimdən və oynadığım obrazdan ləzzət alım. Yenidən teatra qayıtmaq və tamaşada oynamaq böyük məsuliyyət idi”.
Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib.
Uzun fasilədən sonra yenidən teatrdakı fəaliyyətinə qayıdan aktrisa təəssüratlarını bölüşüb:
“Mənə tapşırılan obrazın üzərində ciddi çalışıram. Bu dəfə “Almaz”da Fatmanisəni oynadım. Çalışdım ki, bu günə kimi həmin obrazı oynayan hamıdan fərqlənim. Fərqli olanda daha maraqlı alınır. Bu, mənim özümə də ləzzət edir”.
F.Mütəllimova filmlərdə çəkilməməsindən danışıb:
“Murad Dadaşovun “Bayram axşamı” filmində qısa bir rolum var. Nə olduğunu demirik, sirr qalsın. Orada özümü – aktrisa Firəngiz Mütəllimovanı canlandırmışam. Başqa filmlərə çəkilməyə vaxtım olmur. Bu günə kimi elə filmlərdə çəkilmişəm ki... Hələ ki, yeni çəkilənləri izləməyə gəlirəm. Onlara nə pis, nə yaxşı deyə bilərəm. Ən azından on filmdən biri yaxşı alınıb. Ən sevindiricisi isə odur ki, film sahəsində irəliləyiş var”.
Qeyd edək ki, F.Mütəllimova sonuncu dəfə 2009-cu ildə filmə çəkilib.