“Layihələrimiz çoxdu. Yeni bir film olacaq, hələlik ssenari mərhələsindəyik”.
Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tahir İmanov deyib.
Aktyor bildirib ki, layihələrini reytinq üçün hazırlamır. O, bir müddət əvvəl təqdim etdiyi “Ölülər” filmindən söz açıb:
“Ölülər” savadlı, intellektual səviyyəsi olan auditoriya üçün nəzərdə tutulmuşdu. Çünki əsərin özünü oxumayan biri çətin başa düşsün ki, onun XXI əsr variantında nələr baş vermişdi. “Ağanatiq” isə bizim KVN sənətinin ən məşhur obrazlarından biridir. Bu obraz 90-cı illərin sonunda yarandı və qısa zamanda böyük izləyici sevgisi qazandı. “Ölülər”i, “Ağanatiq”i, həmçinin konsert tədbirlərimizi reytinq üçün hazırlamırıq. Sevdiyimiz üçün bu işi görürük. Vay o insanın halına ki, sevmədiyi işlə məşğul olur. Heç kəslə rəqabət aparmırıq və aparmaq niyyətində də deyilik. Karvan öz yolu ilə gedir. Bu söhbətdə də, karvan bizik”.
Bir müddət əvvəl efirlərdə onlara qoyulan qadağadan danışan T.İmanov bunun hələ də davam etdiyini söyləyib.
Aktyor yeni çəkilən filmlər barəsində isə bunları deyib:
“Yerli film istehsalçılarını tanımıram. Onlar haqqında nə pis, nə də yaxşı bir şey deyə bilmərəm. Hamısına uğurlar arzulayıram”.