Musiqili Teatr Beynəlxalq festivala gedir

Musiqili Teatr Beynəlxalq festivala gedir
146 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət olunub.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.

“18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Xalqlar, millətlər, dövlətlər arasında sülh, dostluq və qardaşlığın təbliği məqsədilə keçirilən festival çox rəgarəng və zəngin proqrama malikdir. Belə ki, festival çərçivəsində müxtəlif tədbirlər – həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur. Azərbaycanı bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur” deyə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.