Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Axşam.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Bahar qız dövlətimizin başçısına səməni təqdim edib. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Prezident Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Prezident və xanımı bayram konsertinə baxıblar, “Novruz” yarmarkası ilə tanış olublar.