Bir neçə ay öncə İstanbulda ana olan müğənni Aytac Vidadiqızı Bakıya qayıdıb.
Axşam.az-ın məlumatına görə, müğənni həyat yoldaşı Can ilə birlikdə qızı üçün qonaqlıq edib. Tədbirdə müğənninin dostları və qohumları iştirak ediblər.
Ana olması ilə əlaqədar sənətində yaranmış fasilədən danışan müğənni Türkiyədə xeyli işlər gördüyünü deyib:
“Sənətimə fasilə verməmişəm. Sadəcə gördüyüm işləri mediada işıqlandırmırdım. Bilirsiniz ki, ailə qurduqdan sonra həyat yoldaşımla İstanbulda yaşadıq. Bəstə qızım da orada dünyaya göz açdı. Bir ildən çoxdur ki, oradayam. Bu ərəfədə Türkiyədə xeyli iş görmüşəm. Həm özümün yazdığım, həm də türk bəstəkarlarından aldığım gözəl mahnılar var. Hətta müştərək işlərim də olacaq. Onlardan bir neçəsi hazırdır. Bir neçəsinin də üzərində iş gedir. Artıq fəal şəkildə sənətimə ayırmağa vaxtım var. Həyat yoldaşım və qızımla Bakıdayam. Burada yaşayırıq. Hələ ki, İstanbula getməyi düşünmürük. Can sağolsun, bütün işlərimdə mənə dəstəkdir. Onun yanımda olması mənə xüsusi güc verir. Allah hər kəsə belə gözəl ailə və övlad qismət eləsin”.
Müğənni Türkiyədə olarkən ona Bakıdan gələn bütün təklifərə yox demək məcburiyyətində qaldığını də gizlətməyib:
“İstanbulda olarkən Bakıdan demək olar hər gün müxtəlif şənliklərə təkliflər gəlirdi. Hətta məni görmək üçün uçaq biletini alan və əlavə qonorar ödəmək istəyən səsimi sevənlər də var idi. Amma istəmirdim ki, hamilə olduğum ərəfədə təyyarələrdə qalım. Bunun dünyaya gələcək övladıma da mənfi təsiri ola bilərdi. Bu səbəbdən onlara yox deyirdim. Bütün sevənlərimin xoş günündə, şənliklərində yer alacağam. Yay aylarında konsert verməyi də planlaşdırıram. Sənətini sevən müğənni səhnəsiz yaşaya bilməz”.
Foto: Ramin ASLANOV