Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir.
Axşam.az-ın məlumatına görə, Rusiyanın İvanov vilayətinin Kineşma şəhərində keçirilən festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası aprelin 22-də A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.
Festival yekunlaşmamış artıq ilk mükafatçı məlum olub. Festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.
Bu festival digərlərindən onunla fərqlənib ki, festival tarixində ilk dəfə xarici teatr öz ana dilində tamaşa ilə çıxış edib. Bu yeniliyə isə ADGGT-ı imza atıb. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bu gün isə festivalın digər nominasiyalar üzrə qalibləri müəyyənləşəcək.
Festival çərçivəsində 9 gün ərzində N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış 10 səhnə əsəri nümayiş etdirilib. 
