"Dedikləri böhtandır, məni silahla hədələyən odur" - Hacı Məhərrəm

"Dedikləri böhtandır, məni silahla hədələyən odur" - Hacı Məhərrəm
3204 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Məhərrəm Novruzov media nümayəndələri ilə görüş keçirib.

Axşam.az-ın məlumatına görə, iş adamı jurnalistlərlə bir araya gəlmə səbəbindən danışıb:

“Media nümayəndələri dəfələrlə bizim şirkətlə bağlı yazılar yazıblar. İstəyirik bundan sonra gənc media nümayəndələri ilə görüşək, çalışaq. Ona görə də gənclərlə bir araya gəlmək istədim. İşçilərimə tapşırdım ki, onları bir araya yığsınlar. Xoşumuza gəlir ki, jurnalistlər azad olsun, insanların xeyrinə olan xəbərlər yerləşdirsinlər. Səhvimizi də, düzümüzü də olduğu kimi yazsınlar”. Hacı Məhərrəm Novruzov iş həyatından da söz açıb:
 
“Rayondan gəlib bu işə başlayanda mənə heç kim əl tutmayıb. Elə olub ki, küçədə yatmışam, fəhlə işləmişəm. Hər şeyi tək etmişəm. Bir ölkə başçısı və xanımından dəstək gördüm. 2500 nəfərlik məktəb tikib, Heydər Əliyev Fonduna hədiyyə etmişəm. Heç kimin də qapısını döyməmişəm ki, yardım edin. Mənə ölkə başçısının dəstəyi bəs etdi. Futbolçularımız üçün stadion tikdirmişəm. İdeyalar əsasında işləyirəm. Güclü ideyalarım var. 20 yaşımda Rusiyaya gedib, briqadir çalışmışam. İşimin öhdəsindən gözəl gəlirdim. Yüzlərlə insana da bu işi öyrətmişəm. Qarşılığında çox hədiyyələr gəlib, hətta buna gorə mənə villa hədiyyə edən də olub. Amma almamışam. Kimsəsiz uşaqları bir araya yığıram. Mən Allahdan istədim ki, mənə birotaqlı ev yetir, artığını qazansam yardımlara xərcləyəcəm. Sözümü tutmuşam da, o qədər kimsəsizə, imkansıza əl tuturam ki... Sentyabrda daha bir məktəbimin açılışı olacaq. Kimdən soruşsanız ki, Hacı Məhərrəm necə biridir, danışar. Bunlar deyiləcək mövzular deyil, amma danışrıam. Evi olmayana mənzil vermişəm, xəstə insanlar müraciət edib, xaricə müalicəyə göndərmişəm. Yoldaşım həmişə mənlə mübahisə edir ki, futbolçuları, idmançıları bizdən çox istəyirsən.

Hacı Məhərrəmov son günlər mediada haqqında yayılan xəbərlərə də aydınlıq gətirib:

“Nazim Qəzənfərov açıqlamalar yayıb ki, guya onun qardaşını polisə vermişəm, özünü hədələyriəm. Yazıblar ki, üç şirkətini əlindən almışam. Bunlara fikir vermədim. Yaxınlarım deyir ki, bu cür yazılara cavab ver. Mənsə cavabımda bildirdim ki, Azərbaycan vətəndaşıdır nə edim? Bu cür yalan xəbərlərə əhəmiyyət vermirəm. Ona dedim ki, səni polisə şikayət edərəm, Ramil Usubova ərizə yazaram, dövlət sənin cavabını verər. Amma bunu indiyəcən etməmişəm, onu Allaha həvalə edirəm”.

İş adamı daha sonra media nümayəndələrini iftar süfrəsinə dəvət edib.

Qeyd edək ki, "Bağçalı Evlər MTK" əsasən çoxmərtəbəli yaşayış binalarının tikintisini təşkil etməklə bərabər "Əlincə" idman klubunun, "Əlincə" futbol komandasının, 2014-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının açılışını həyata keçirtdiyi 15000 yerlik "Əlincə Arena" stadionunun və təsislərinin, Şabran rayonunda "Əlincə" futbol klubunun təlim məşq zonasının yaradılmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. "Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksi Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şosesinin qərbində, İstiqlaliyyət küçəsində yerləşir. Yaşayış Kompleksi 1 və 2 girişli çoxmərtəbəli yaşayış binalarından ibarətdir.