Gənc müğənni Naili İmran media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, N.İmran “Gizləyə-gizləyə” mahnısına çəkdirdiyi klipini təqdim edib. Sözləri Məlahət Kərimqızına, musiqisi İlkin Həsənə aid olan mahnının ekran həlli rejissor Emil Babayevə həvalə olunub. Bəstənin aranjimanını Rübail Əzimov edib.
Uzun müddətdir Qazaxıstanda yaşayan Naili xalq artisti Zeynəb Xanlarova və bir çox müğənnilərin repertuarına müraciət edib.
Sənətçinin prodüseri Tural Nəsirov bildirib ki, Nailinin məqsədi yalnız sənəti ilə gündəmə gəlməkdir:
“Nailinin yaradıcılığı zəngindir. Çox iddialıdır. Artıq bir il sonraya planları hazırdır. Qalmaqallardan uzaq bir sənətçidir”.
İfaçı muğam dərslərini xalq artisti Gülyaz və Gülyanaq bacılarından alıb. O bildirib ki, muğam ifaçıları ilə Qazaxıstanda tanış olub:
“Onlardan mənə dərs keçməyi xahiş etdim. Məqsədim yalnız sənətlə məşğul olmaq, yeni mahnılar təqdim etməkdir”.
Gülyaz Məmmədova Nailinin yaradıcılığından danışaraq “Bu xanımın o qədər gözəl səsi var ki, qalmaqalla gündəmə gəlməyə ehtiyacı yoxdur. Azərbaycan səhnəsinə yeni səs, gözəl sima gəlir. Yaradıcı qızdır, rəqabətə ehtiyacı yoxdur” deyə, söyləyib.
Foto: Ramin ASLANOV