“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumayına görə, müğənni “Badminton” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Ekran işinin rejissor işini Fərhad Əli gerçəkləşdirib. Rus dilində olan mahnının sözləri və musiqisi Boqdana məxsusdur.
S.Rəhimlinin təqdimat mərasiminə geyindiyi libas və etdirdiyi makiyaj da diqqət çəkib. Yeni işindən danışan Səmra bildirib ki, bəstəkar ukraynalıdır:
“Düşündüm ki, yalnız Fərhad Əli mənim üçün istədiyim keyfiyyətdə klip çəkə bilər. Bəyəniləcəyinə inanıram. Klip zamanı anamın da fikirlərini aldıq. Tərəf müqabilimi anam seçib”.
Klipdə cəsarətli geyimlərlə görünən müğənni bunla bağlı sualları cavablandırıb. O deyib ki, anası ona hər işində dəstək olub:
“Evdə necəyəmsə, küçəyə çıxanda da o cür oluram. Anam mənə sərbəstlik verib. Evdən bir geyimdə çıxıb, küçədə ətəyimi qısaldanlardan olmamışam. Anam məni düzgün tərbiyələndirib. İndi yaradıcılıq işlərimdə də anamdan dəstək alıram. Mənə çox məsləhətlər verir”.
S.Rəhimlini təbrik etməyə gələnlər arasında şou-biznes nümayəndələri də olub. Belə ki, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Samira Allahverdi, Zamiq Hüseynov, stilist Elnur Həsənov, aparıcı Hacı Nuran Hüseynov, Hüsniyə Məhərrəmova, prodüser Tarix Əliyev qonaqlar sırasında yer alıblar.
Foto: Ramin ASLANOV