ATV telekanalının zövq yarışması “Özünə bax”ın növbəti turu başa çatıb.
Axşam.az-ın məlumatına görə, yarımfinal uğrunda bu dəfə Qəmər, Adelya və Lalə adlı iştirakçılar mübarizə aparıb.
Münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, vizajist Nigar İbrahimova, stilist Elnur Həsənov və modelyer Afaq İsmayılova yer alıb.
Lalənin zövqünü bəyənməyən münsiflər arasında mübahisə düşüb. R.Əliyeva və Nigar onu finalda görmək istəmədiklərini bildirsələr də, Elnur və Afaq gənc qızın geyiminə "hə" deyiblər. Mübahisələrdən sonra münsiflər püşk atıb və nəticədə Lalə yarımfinala vəsiqə qazana bilib.
Digər yarışmacı Adelya geyimi ilə hər kəsin xoşuna gəlib. Qəmər adlı iştirakçının zövqsüz geyinməsindən şikayətlənən münsiflər onu müsabiqədən uzaqlaşdırıb.
R.Əliyeva Yeni il ərəfəsində iştirakçılara sürpriz hazırladığını bildirib:
“Yarımfinaldan kəsilən iştirakçılara yenidən şans veriləcək. Üç iştirakçı finala keçmə imkanı əldə edəcək. Həmin iştirakçıların kimliyi həftənin bazar ertəsi bəlli olacaq".
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Rəşad ABBASOV