Diyetoloqlar yağ yandırma prosesində düzgün qidalanma və fiziki aktivliyin vacib rol oynadığını bildirirlər.
Axşam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, orqanizm yağ itirərkən nizamlı rejimə ehtiyac duyur. İdeal yağ yandırma üçün gün ərzində 3 əsas, 1 ara öyünün olması, öyünlər arasında təxminən 4 saat fasilə saxlanılması tövsiyə olunur. Gecə aclığının isə 8-12 saat arasında olması məsləhət görülür.
Uzun gəzintilərdən əvvəl içilən qəhvənin də yağ yandırmağa dəstək ola biləcəyi qeyd olunur. Belə ki, gəzintidən ən azı 30 dəqiqə əvvəl içilən 2-3 fincan türk və ya filtr qəhvənin enerji sərfiyyatını artıra biləcəyi bildirilir. Gündə 2 fincan yaşıl çayın da bu prosesə kömək etdiyi vurğulanır.
Mütəxəssislər ən effektiv məşqlər sırasında həftədə 2-3 dəfə edilən müqavimət hərəkətlərini və interval gəzintilərini göstərirlər. Qidalanmada isə mövsümi tərəvəzlərdən hazırlanan salatların, xüsusilə göyərti, pomidor, xiyar və bibərin mühüm yer tutduğu qeyd edilir.
Tam yağlı pendirin faydaları
Pendir də sağlam qidalanmanın vacib məhsullarından biri hesab olunur. Tərkibində A, K2, B2, B12, D vitaminləri, kalsium, fosfor, yod, selenyum, sink və zülal olan pendirin sümük sağlamlığına faydalı olduğu bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, pendirdə olan kalsium və zülallar orqanizmdə maddələr mübadiləsinə müsbət təsir göstərə bilər. Lakin tam yağlı pendirin gündə 2-3 dilimdən artıq qəbul edilməməsi tövsiyə olunur.
Quru xurma şəkər deyil, qida mənbəyidir
Quru xurmanın tərkibində təbii şəkərlər olsa da, liflə zəngin olduğu üçün nəzarətli şəkildə istehlak edilə bilən meyvələrdən biri hesab olunur.
Onun tərkibində müxtəlif amin turşuları, antioksidantlar və faydalı birləşmələr olduğu bildirilir. Quru xurmanın sağlam şirniyyatların hazırlanmasında da istifadə oluna biləcəyi qeyd edilir. Mütəxəssislər bu məhsulun əlavə şəkərsiz qidalanmada alternativ ola biləcəyini vurğulayırlar.
Səhər qəhvəsi zərərlidirmi?
Səhər qəhvəsi ilə bağlı yayılan bəzi fikirlərin əksinə olaraq, mütəxəssislər bildirirlər ki, sağlam insanlarda ölçülü qəhvə istifadəsi problem yaratmır.
Qəhvənin tərkibindəki antioksidantların ürək-damar sistemi və ümumi sağlamlıq üçün faydalı ola biləcəyi qeyd olunur. Bununla belə, reflü, yüksək təzyiq, qalxanabənzər vəzi xəstəlikləri olanlar, hamilə və süd verən qadınlar, eləcə də kofeinə həssas şəxslərin qəhvə qəbulunda diqqətli olmaları məsləhət görülür.
Mütəxəssislərin fikrincə, şəkər və süni dadlandırıcı əlavə edilmədən içilən türk və filtr qəhvəsi gündəlik rasionun bir hissəsi ola bilər. Tövsiyə olunan miqdar isə adətən gündə 3-4 fincanı keçməməkdir.