Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun üçüncü yarış günündə maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, gecənin ən böyük sürprizlərindən biri İtalyanın məşhur ifaçısı Rikardo Folinin verilişə gəlməsi və sevilən mahnılarından birini ifa etməsi olub.
15 tanınmış simanın mübarizə apardığı yarışmada iştirakçılardan əksəriyyəti stilist Anar Ağakişiyevin oyundan uzaqlaşdırılmasını istəyiblər.
Veriliş ərzində müğənni Roza Zərgərli və aparıcı Günel Hümbətova arasında da qalmaqal yaşanıb. Daha sonra R.Zərgərli dost olduğu Anar Ağakişiyevi açıq oynamamaqda günahlandıraraq stilisti uzaqlaşdırmaqları üçün hər kəsdən onun əleyhinə səs istəyib.
Tamaşaçıların səsverməsi nəticəsində A.Ağakişiev 68.62 faiz səs toplayaraq yarışmada mübarizəni davam etdirmək şansı qazanıb. O, aparıcı Şəhriyar Əbilovu oyundan uzaqlaşdırıb və onun güclü rəqib olduğunu deyib.
Aparıcı Murad Dadaşov isə oyunun əvvəlində Şəhriyarın doğru üsul seçdiyini və susmağa üstünlük verdiyini söyləyib. Murad Şəhriyarın oyundan uzaqlaşdırılmasının səbəbini də bu səssizliyi pozmasında görüb. Şəhriyar Əbilovun oyundan uzaqlaşdırılması isə ən çox dicey Çinanı təəssüfləndirib və o, göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, yarışmaçılar arasında müğənni Günay İbrahimli, Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina mübarizəni davam etdirir.
Qeyd edək ki, dekabrın 18-də veriliş ənənəvi olaraq 23:00-da deyil, 22:45-də ATV telekanalında yayımlanacaq.