Düz qarına sahib olmaq hər bir xanımın arzusudur. Bunun üçün qadınlar press etməyə çalışırlar. Qarınlarındakı piy ərimədikdə isə şikayət etməyə başlayırlar. Tək presslə qarındakı artıq piyləri əritmək, hər kəsin arzusunda olduğu “paxlava”lara sahib olmaq mümkün deyil.
"Jeyhun Valiyev professional fitness club"un məşqçisi Səbinə Məhərrəmova Axşam.az-a açıqlamasında bu dəfə düz qarına sahib olmaq istəyən xanımlara məsləhətlər verib.
Fitnes-məşqçi bildirib ki, idman zalına gəlmədən də istənilən bədən quruluşuna sahib olmaq mümkündür:
“Six pack”, “paxlava”, “kubik press” - adına nə deyiriksə, deyək hamının arzusu qarın əzələsi çıxarmaqdır. Amma bu arzunu gerçəkləşdirmək üçün nələr edirik? Çox az adam əziyyət çəkmək istəyir.
İlk növbədə bilməlisiniz ki, pressdən əlavə qarın piylərini yandırmaq üçün yeməyimizə diqqət etməliyik. Pəhriz sözündən insanlar artıq bezib. Ona görə də buna "düzgün qidalanma" deyəcəm. 
Əlbəttə, bütün qidaları yağsız, duzsuz yemək heç kimə xoş deyil. Bunun üçün çalışın yeməklərdə zeytunyağından istifadə edin. Bu da sağlam qidalanmanın bir üsuludur. Hətta bəzən çörək də yeyə bilərsiniz. Bununla paralel cardio məşqlər də etməliyik.
İdman zalına gedə bilməyənlər ən az parklarda gəzsinlər. Yaxud da getdikləri yerlərə ayaqla getməyə çalışsınlar. 
Telefonlarımızda olan proqram sayəsində gün ərzində atacağımız addımları hesablaya bilərik. Günlük 10 min addım sağlam həyat tərzi keçirməyimizə kifayətdir.
Həftədə bir dəfə özümüzə istirahət verə bilərik. Bu zaman istədiyiniz yeməyi yeyin. Düzgün qarın presinin rahat yaranmadığını anlamaq və bunun üçün əzm göstərmək lazımdır. İdeal bədən quruluşuna sahib olmaq üçün səbrli olmağı unutmayın”.