Deputat Elmira Axundovanın müəllifi olduğu “Anar Məmmədxanov. Kapitanın taleyi” (“Anar Mamedxanov. Sudba kapitana”) adlı kitabın təqdimat mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümünə həsr edilib.
Gecədə rəsmi şəxslər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcılığı əməkdar artist Murad Dadaşova həvalə edilib. O, A.Məmmədxanovla bağlı xatirələrini bölüşüb.
E.Axundova təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, Anar Məmmədxanovla bağlı nəşr edilən dördüncü kitabdır. Millət vəkili kitabın ərsəyə gəlməsində ona mərhumun həyat yoldaşı İradə Məmmədxanova və bacısı Naidə Məmmədxanovanın kömək etdiyini söyləyib.
Gecədə xalq yazıçısı Anar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək A.Məmmədxanov və “Bakılı oğlanlar”ın fəaliyyətindən danışıb.
Foto: Ramin ASLANOV