Sentyabrın 11-də Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanı qəbul edib.

Axşam.az xəbər verir ki, görüşdə Sverdlovsk vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini İvan Detçenya, vilayətin rəmzləri üzrə Qanunvericilik Komissiyasının sədri, deputat Mixail Zubarev və Sırset şəhər dairəsinin rəhbəri Dmitri Nikovski iştirak edib.

Əbülfəs Qarayev qonaqları salamlayaraq,  Azərbaycanın Sverdlovsk vilayəti ilə əlaqələrində mədəniyyət sahəsinin də yer almasından məmnunluğunu bildirib.

Diqqətə çatdırıb ki, ölkəmiz Rusiyanın və dünyanın müxtəlif şəhərləri ilə mədəniyyət sahəsində layihələr reallaşdırır. Teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər. Birgə tamaşalar, dirijorların orkestrlərlə çıxışları, aktyor və musiqiçilərin səfərləri bu əməkdaşlıq sahəsində mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır.

Nazir bildirib ki, ölkəmizdə mədəni irsin qorunması və təbliği istiqamətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verilir.

Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir.

Nazir Sverdlovsk vilayətinin incəsənət xadimlərini bu festivallarda iştiraka dəvət edib. Bildirib ki, 18 sentyabr - Milli Musiqi Günündə Bakıda XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işə başlayacaq. Festivalda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər iştirak edəcək.

Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykina səmimi qəbula görə nazirə minnətdarlıq edib.

Rusiyalı nazir Azərbaycanla mədəni əlaqələrin genişlənməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri müzakirə edilib. Keçiriləcək görüşlərin, ustad dərslərinin bu münasibətlərin inkişafına təkan verəcəyi vurğulanıb.

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
 


                 

Digər