Şəkidə Novruz bayramı belə qeyd olunub - fotolar

Şəkidə Novruz bayramı belə qeyd olunub -  fotolar
1426 dəfə oxunub
  • A-
  • A
  • A+

Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəki diyarında da geniş və silsilə tədbirlərlə qeyd edilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, baharın gəlişi münasibətilə Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib.

Bayram tədbiri XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqramla başlanıb. İctimaiyyətin nümayəndələri və şəhərin qonaqlarının iştirak etdikləri tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Bayram tədbiri daha sonra qədim memarlıq abidəsi olan “Qala divarları”nın həyətində davam etdirilib. Bayram tonqalı alovlandırıldıqdan sonra pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.

Sonra bayram iştirakçıları qoruğun ərazisindəki V-VI əsrlərə aid Dairəvi məbədin həyətində milli rəqsləri, idmançıların çıxışlarını izləyib, milli geyimli qadınların hazırladıqları bayram təamlarından dadıb, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.

Bayram tədbiri daha sonra XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində rəngarəng konsert proqramı ilə davam edib.