Müğənni-bəstəkar Eminin anası, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun xanımı İrina Ağalarova müsahibə verib.

Axşam.az İ.Ağalarovanın “Time to eat” dərgisinə müsahibəsini ixtisarla təqdim edir:

- Səyahəti sevirsiniz, sizi Moskvada tapmaq çətindir.

- Mənim ABŞ-da da biznesim var. Ona görə də Rusiya ilə Amerika arasında qalmışam. İki ölkədə yaşayıram. Biznesim mənim onunla maraqlanmağımı tələb edir. Eyni zamanda qızım Şeyla Amerikada yaşayır.

- Prezident seçkiləri zamanı səs vermişdiniz?

- Xeyr, bunun üçün əvvəlcədən qeydiyyatdan keçməliydin. Mən isə gecikmişdim. Amma səs versəydim Donalt Trampı seçərdim. O, çox xarizmatik biridir.


 
- Sizin şəxsi tanışlığınız var. Necə tanış olmusunuz?

- Çox mülayim biridir. Bizi “Miss ABŞ”a dəvət etmişdi. Şam yeməyində görüşmə imkanımız olmuşdu. Bizimlə mehriban söhbət edir, Eminlə zaraftlaşırdı. Ona bizimlə oturmaq xoş idi. Adətən Donald 15 dəqiqədən artıq oturmağı xoşlamır. Bizimlə isə bir neçə saat əyləşdi. Hətta sonra bizi müsabiqədən sonrakı partiyə də dəvət etdi. Uzun dəhlizlə gedirdik, Tramp qəfildən geri döndü və Eminə dedi: “Təsəvvür edirsən "Kainat gözəli”ndən sonra necə parti olmalıdır?”. Emin cavab verdi: “Sənə söz verirəm – təcili yardımın köməyi olmadan ötüşməyəcək”. Eminin bu zarafı Trampın xoşuna gəldi.

- Hazırda ən çox nə arzulayırsınız?

- Mən xəyalpərəst deyiləm, realistəm. Biznesimi böyütmək istəyirəm və bir müddət sonra gerçəkləşir. Nəyi düşünürəmsə olur.

- Araz Ağalarovla necə tanış olmusunuz?

- Bir sinifdə oxuyurduq, eyni partada otururduq. Dost idik, həmişə mənim çantamı daşıyırdı. Sonra universitetə daxil olduq, dördüncü kursda evlənmək qərarına gəldik. Toyumuzun biri Bakıda, digəri Moskvada oldu. Həmin vaxtlar ailə qurmaqla bağlı düşüncələr fərli idi. Boşanmaq qəbul edilmirdi. Hamı deyirdi ki, ailə qurmaq əbədidir: bəyənsən də, bəyənməsən də, yaxşı da, pis də olsa...



- Uğur sirriniz nədir?

- Bu hər kəsdə fərqli formadadır. Bəziləri deyir çox işləmək lazımdır, amma bəzən nə qədər çox çalışsan da uğur qazana bilmirsən. Əsas odur ki, uğurlu olmağı istəyəsən. Ətrafımdakı insanlar bizneslə məşğul olandan sonra mən də iş xanımı olmağı arzuladım və başladım. Rəfiqəmlə gözəllik salonu açdım. Əvvəlcə birini, sonra ikincini... Sonra hədiyyələr mağazası, kosmetoloji mərkəz, butik açdım. İndi Amerikada əmlak işi ilə də məşğulam. Qızımla orada ev alır, təmir etdirir, kirayə verir və satırıq.
 
- Xəz mağazası biznesinizi necə qurdunuz?

- Bunu Emin təşkil etdi. Bilirdi ki, xəz geyimlərinin satışını arzulayıram. Bir gün Amerikadan qayıdanda dedi ki, "Ana, sənə sürpriz hazırlamışam”. Düşündüm ki, yeni maşın alıb, mənimkini bəyənmir. Getdik, hazır formada mağazanı gördüm. Ətrafımızda olan hər kəsin bundan xəbəri var idi, amma susurdular. Sevincimdən ağladım.



- Oğlunuz Emin musiqi sahəsində də böyük uğur qazandı...

- O, uşaqlıqdan lider idi. Hər zaman düzgün qərarlar verirdi. Bütün kritik məqamlarda tez və düzgün qərar verməyi bacarır. Mənə məsləhət lazım olanda, həmişə onun yanına gedirəm.

- Bəs, qızınız?

- Şeyla çox səliqəlidir. Məsələn, mənim iş masamda kağızlar dağınıq olur. Amma Şeyla hamısına ciddi yanaşır, hər şey yerində olmalıdır. Mənim avtomobilimə oturanda başlayır salonu səliqəyə salmağa. Ətrafında lazımsız əşyalar olmasını xoşlamır. Hətta çantama, pulqabıma da baxıb, səliqəyə salır. Şeylanı ABŞ-dakı həyatı qane edir. Şəhərdən kənardakı evimiz onun çox xoşuna gəlir: sakit, gözəl və ətrafda meşə var. Bunu məndə sevirəm, amma çox qala bilmərəm – aktiv həyat tərzini sevirəm, həyatın ritmini hiss etməyi xoşlayıram.



- Bəs, Emin?

- Emin çox məşğuldur. Bizə gələndə danışır, ordan getmək istəmir. Çox sakit və rahat olduğunu deyir.

- Eminin uşaqlığı ilə bağlı hansı xatirəni bölüşə bilərsiniz?

- Bir dəfə evə gec gəldi. 11-ci sinifdə oxuyurdu. Hamıya zəng vurub Emini soruşurdum, artıq polisə xəbər verməyə hazırlaşırdım. O isə bir dostunun evində yatıb qalıbmış. Qızımla bu Cür hallar yaşamamışam, ona heç səsimi də qaldırmamışam. Hətta hərdən deyirdim ki, bəsdir dərs oxudun, yat.
 
- Necə nənəsiniz?

- Nəvələrimi gec-gec görürəm. Amma onları hədsiz sevirəm. Görən kimi qucaqlayıram, öpürəm. O qədər öpürəm ki, yanaqları qızarır. Çalışıram incitməyim, amma alınmır. Birlikdə nələrsə hazırlayırıq, onların xoşuna gəlir. Gələn kimi başlayırlar ki, İra, gəl nəsə bişirək... Nəsə bişirməyənə qədər onlar yatmırlar.

- Ad gününüz dekabrın 31-də olur. Bu günə kimi aldığınız ən unudulmaz hədiyyə nə olub?

- Ad günümü Mayamidə, günəşli havada, palmaların ətrafında qeyd etməyi sevirəm. Eminin “Escalade” markalı avtomobili var idi. Emin olmayanda həmin maşını götürürdüm. Böyük və rahat idi, onunla gəzməyi çox xoşlayırdım. Bir dəfə dostlarımızla çimərlikdə dincəlir, günəş vannası qəbul edirdik. Hədiyyələrdən söz düşdü, Emindən anasına nə bağışladığını soruşdular. “Ana, sənə maşınımı verirəm” dedi. Onda Eminin 22 yaşı var idi, çox sevindim. Mənim üçün ən gözəl hədiyyə o olub.
 
- Sizin üçün ən ideal gün nə vaxtdır?

- Bazar günü... Uşaqlarım bizə toplaşır. Onlar üçün nəsə bişirirəm, səhər yeməyi yeyir, oturub söhbətləşir, gülürük. Hamımız iş adamıyıq. Bir yerə toplaşmaq bizim üçün böyük sevincdir. Ailə - həyatdakı ən dəyərli şeydir.