"Arşın mal alan"ın 100 illiyinə həsr edilmiş kitab çap olundu - fotolar

"Arşın mal alan"ın 100 illiyinə həsr edilmiş kitab çap olundu - fotolar
134 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Arşın mal alan - 100” kitabı musiqisevərlərin, xüsusilə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, “Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə nəşr olunan kitabda ölməz əsərin yazılması ilə bağlı Ü.Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Ü.Hacıbəylinin Ev-muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.

“Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı 3 yarımbaşlıq şəklində tərtib olunan kitab oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradır.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş “Arşın mal alan - 100” kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.