"Buranı tərk etsəm, inciməyin..." - Miri Yusif

"Buranı tərk etsəm, inciməyin..." - Miri Yusif
4448 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəzən bezəndə gedirəm bağa. Telefonu söndürürəm, heç kimlə danışmıram. Artıq evdəkilər də alışıb bu hala”

Tanınmış ifaçı Miri Yusifin ad günündə (27 oktyabr) “Qafqazinfo”ya müsahibəsi

- Sizi tanımayanlara özünüzü hansı mahnı ilə təqdim edərdiniz?

- “Mən heç kiməm”.

- Ən çox sevdiyiniz mahnı?

- Yəqin ki, “Məktub”.

- Mahnılarınız adətən, ağrılarla doğulur, bəs necə olur ki, bu ağrı başqalarını sağalda bilir?

- Doğrudan, qəribə bir haldır. Bəzən insanlar yazır ki, sizin mahnılarınız antidepressant kimidir. Amma depressiya halında yazılan mahnı necə antidepressant kimi olur, anlamıram. Bəlkə də düşündürür deyə hamını sağaldır.

- Mahnılarınızda əsasən nəyə mesaj verməyə çalışırsız?

- Heç bir mesaj verməyə çalışmıram.

- Nədən ilham alırsız?

- Həyatın təcrübəsindən... Hisslərdən... Çox şeydən!

- İncəsənətin bir neçə növü ilə məşğul olursuz. Mahnı oxumaq, şəkil çəkmək, mahnının sözlərini yazmaq, hətta çox vaxt musiqisini düşünmək. Səncə, yaradıcılıq anlayışı bütövlükdədir? Yəni yaradıcı insan incəsənətin bir neçə növü ilə birdən məşğul ola bilərmi?

- Yaradıcı insan bütövlükdə yaradıcı ola da bilər, olmaya da bilər. Məsələn, mən yazıçı ola bilmərəm. Amma mahnımın sözlərini yazıram, uşaqlıqdan rəssamlıqla məşğulam. Amma bu, yaradıcılığın bütövlüyü deyil. Bütövlükdə yaradıcı insanlar da olub əlbəttə, onlar dahilərdir. Məsələn, Da Vinçi. Həm rəssam, həm yazar, həm alim. Belə insanlar min ildə bir doğulur.

- Mahnılarınızın şəklini çəkirsinizmi? Və yaxud mahnı yazarkən, gözünüzün önündə ona çəkəcəyiniz rəsm canlanırmı?

- Rəsm yox, amma mahnını evdə yazarkən, studiyada oxuyarkən vizual olaraq klip özü gözümə görünür. Məsələn, son mahnım “Vicdan” yazılanda gözümün önündə bir obraz yarandı. Hər kəsdən uzaq, yalnız, kimsəsiz, yolçu obrazı. Sonradan prodüserim Emin Əfəndi, daha sonra Emil Quliyev bu obraz üzərində işlədilər və beləliklə, biz “Vicdan” klipini çəkdik.

- Oxuduğunuz janra “karma” adı vermisiz. Elə düşünürsüzmü ki, artıq yeni bir janr yaratmısız və sizdən sonra da bu janrı davam etdirənlər olacaq? Karma yeni bir musiqi janrına çevriləcəkmi?

- Karma mənim öz dünyamdı, bu yeni tərz ordan gəlir. Hər bir yaradıcı insanın özünəməxsus üslubu var. Əsas odur, yenilik olsun.
Əgər mənim yaratdığım bu “karma” yenilikdirsə, qoy elə yenilik olaraq da qalsın, tək olsun.

- Sizi dinləyən hər kəs anlayır?

- Hamısı yox. Amma elə insanlar var ki, sətiraltı mənaları anlayıb mənə yazırlar, mən onları həvəslə oxuyuram və sevinirəm ki, insanlar dərinliyə gedə bilirlər.

- Bəs anlamayanlar? Belədə sətiraltı mənalara heyfiniz gəlmir?

- Yox. Bu gün məni anlayanlar 10 nəfərdirsə, məncə, 10 ildən sonra daha çox olacaq.

- Yazıb üzə çıxarmadığın mahnın var?

- Var... Bir neçə mahnı var ki, sadəcə, alınmayıb.

- Həyatınızda böyük rol oynayan şəxs kimdir?

- Desəm ki, valideyn, - bir az şablon çıxar... Amma bir neçə insan var... Tək deyillər. O, ruhi xəstə ola bilər, mənsiz mənsizləmiş ola bilər, hardasa dünyanın bir yerində ola bilər və sözsüz ki, o mənim həyat yoldaşım ola bilər.

- Bəs hal-hazırda kimsiz və ya nəsiz yaşaya bilməzsiz?

- İki dəyər var hal-hazırda. Ailəm və musiqim. Sözsüz ki, ailə müqəddəs bir ocaqdır. Bir də ki, musiqim. Onlarsız mən boğulmuş kimi olaram. Onlarsız mən yaşaya bilmərəm, sonum olar.

- Ən çox nəyə əsəbiləşirsiz?

- Haqsızlığa.

- Zəif nöqtəniz nədir?

- Onu deyə bilmərəm.

- Siyasətlə aranız necədir? Seçkilərə getmişdiz?

- Siyasətdən kənaram. Amma seçkilərdə hər bir vətəndaş kimi mən də  iştirak edib, səs verdim.

- Səsiniz batmadı ki?

- Yaxşı sualdır. (gülür)

- Bu ili nə ilə tamamlayacaqsız?

- Təxminən 3 ay ərzində yeni proyekt olacaq. “Ağ qarğa” proyekti. Bu alboma 16-17 mahnı daxildir. Bir qismi dinləyicilərə məlumdur: “Mən küləyəm”, “Yoxam mən”, “İki doğma insan”, “Vicdan”. Bir qismini isə hələ heç kim eşitməyib. “Ağ qarğa”nın təqdimatı 20-21 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək solo konsertimdə olacaq. Yeri gəlmişkən, bu konsertdə sevilən mahnılarımın, demək olar ki, hamısını ifa edəcəyəm. Albomun təqdimatı ilə yanaşı satışı da məhz 20-21 dekabrda keçirləcək konsertimdən başlayacaq.

Daha sonra yaradıcı qolumun yeni bir budağı açılacaq. “Məktub” və “Vicdan” klipindən sonra biz düşündük ki, Azərbaycanda güclü komanda ilə film çəkmək olar. Konsertdən sonra film çəkməyə başlayacağıq. Filmin direktoru Emin Əfəndi, rejissoru isə Emil Quliyev olacaq. Baş rolda özüm çəkiləcəm. Premyerası Park Bulvarda olacaq.

- Konsertinizə neçənci sıradan baxmaq istərdiniz?

- 16-cı sıradan.

- Yeri gəlmişkən, həmin sıranın bileti neçəyədir?

- Səhv etmirəmsə, 70-80 AZN olmalıdır.

- Pərsiz və ya təyyarəsiz uçuşun dönüşü nə ilə olur?

- Mən təyyarə, mən uçmuşam,
- Enə bilmirəm, enə bilmirəm...

- Ruhla bədən tez-tez dolaşır?

- Hə. Qovuşur, dolaşır

- Bəs nəfs nə edir o an?

- Nəfs vicdanla üzbəüz. Bir otaqda. Onun qapısı içəridən bağlıdır. Mən özüm də ora girə bilmirəm.

- Bəs xilaskar kim olur?

- Mahnılarım...

- Nirvanaya çata bilirsizmi?

- Elə insanlar var ki, nirvanaya çatır, amma bunun nə hal olduğun bilmir. Məsələn mən hələ çatmamışam, yoldayam. Tibetin alimləri hələ çata bilmir nirvanaya. Bu elə bir haldır ki, sən dünyanı tərk edirsən, qalxırsan yuxarı. Məsələn, Alim Qasımov səhnədə olanda, mənə elə gəlir ki, bir anlıq da olsa, bu insan qalxır yuxarı. Pərsiz və təyyarəsiz. Qalxır və o zirvəyə çatır. Onun qalxmağını mən görürəm səhnədə. Məsələn, mən səhnədə olarkən səhnəni görmürəm. Gözümü bağlayıb gedirəm içimə. Bu da bir nirvana halıdır. Hətta mən bir dəfə öz konsertimə başlayarkən, dedim ki, sizdən üzr istəyirəm, mən mənəvi olaraq buranı tərk etsəm, inciməyin, qayıdacam yenə. Təbii ki, onlar alqışladılar, güldülər. Və gözümü bağlayıb başladım konsertə. Çox gözəl haldır.

- Sizi bezməkdən nə xilas edir?

- Yenilik. Hər bir formada. Ünsiyyət ola bilər, münasibət ola bilər, ciddi və ya qeyri-ciddi. Əsas odur, maraqlı bir yenilik olsun. Bəzən bezəndə gedirəm bağa. Telefonu söndürürəm, heç kimlə danışmıram. Artıq evdəkilər də alışıb bu hala. Gedirəm bağa, sevdiyim guşəmdə otururam və başlayıram yazmağa... “Məktub” mahnısı da məhz belə yaranıb.

- Çərçivələrdən kənarda nə dayanır?

- Günahlarım yəqin ki...

- Bəs özünüz çərçivələrə sığırsızmı?

- Bacardığım qədər. Deyə bilmərəm ki, çox güclüyəm. Hər bir insanın öz zəif nöqtəsi var, o da onun günahlarından ibarətdir.

- “Məktub” mahnısını niyə belə çox sevdilər?

- Qəlbdən çıxan hansısa bir səs, söz, musiqi milyonlarla qəlbə çatıb toxuna bilər. Qəlbdən çıxmayıbsa, nə istəyirsən elə, insanlara çatmayacaq, toxunmayacaq. “Məktub” mahnısını mən çox özəl bir halda yazmışam. Bəlkə onu dinləyənlərin ruhu yatmış haldaydı, məktub onlara toxundu, onları ayıltdı. Eləcə də “Vicdan” mahnısı. Bayaq radiodan mənə müraciət etdilər ki, bu mahnını onlara göndərim və 1 saatdan bir yayımlasınlar. Mənsə qəbul edə bilmədim, çünki bu, radioda səslənəcək bir mahnı deyil, bu mənim içimdəki hayqırtımdı.

- Yazdığınız “Məktub”u “Ağ qarğa”ya həvalə edəcəksizmi?

- Bunu düşünmürəm. Bu mahnı çağırış formasında olacaq. Hər bir insan özünü hamıdan fərqli sayır. Mən danışdığım “Ağ qarğa”lar indi çoxdur. Bu mahnı onlara aiddir. Ümumiyyətlə, ağ qarğa adlı bir anlayış əslində yoxdur. Ağ qarğa elə olmadığı üçün də var olacaq.