ATV kanalında üç mövsüm yayımlanan “Vicdan haqqı” serialının Kamili, əməkdar artist Elxan Yunis yeni ekran işi ilə tamaşaçılar qarşısına çıxmağa hazırlaşır.

Bu barədə Axşam.az-a danışan sənətçi uzun müddətdir müxtəlif serial və filmlərdən təkliflər gəldiyini, ancaq qərar verməkdə tələsmədiyini bildirib.

Bunun səbəbi isə aktyorun özünü komediya janrında sınamaq istəməsi olub:

“Bildiyiniz kimi, “Vicdan haqqı” serialı dram janrında idi. Tamaşaçılar da məni demək olar ki, ancaq dram janrında görüblər. Bu dəfə isə həm onlar məni başqa obrazda görsün, həm də özümə maraqlıdır deyə komediyada çəkilmək istədim. Bununla bağlı təklif aldım. “Xəzər TV”nin yeni layihəsidir. Komediya serialıdır. Hələ ki, adını açıqlamayaq. Amma demək istəyirəm ki, artıq razılıq vermişəm. Oktyabrın 8-dən etibarən çəkilişlərimiz başlayır. Düşünürəm ki, uğurlu bir layihə olacaq”.

E.Yunis komik seriala çəkilmək qərarını belə əsaslandırıb:

“Aktyor təkcə bir janrla kifayətlənməməli, həmişə dəyişməli, özü-özünü yeniləməlidir”.

O həmçinin, teatr aktyoru kimi də fəaliyyətini davam etdirdiyini vurğulayıb:

“Həm Yuğ Teatrında, həm də Gəncə Dövlət Teatrında da fəaliyyətdəyəm. Hər iki teatrda yeni tamaşalarımız
var. Növbəti mövsümdə tamaşaçılarımız orada da məni fərqli və maraqlı rollarda görəcəklər”.


                 

Digər Xəbərlər