Sumqayıt Teatrının tamaşası Bakıda maraqla qarşılanıb

Sumqayıt Teatrının tamaşası Bakıda maraqla qarşılanıb
315 dəfə oxunub
  • A-
  • A
  • A+

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim etdiyi tamaşa üç mühüm hadisəyə həsr olunub.

Musiqili Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, kollektiv teatrsevərlərə Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş “Zülmətdə nur” (Nizami Muradoğlu) mənzum pyesi əsasında hazırlanan tamaşanı təqdim edib.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gələn görkəmli dramaturq, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, o cümlədən Əhməd Cavad və Mikayıl Müşfiqin keşməkeşli həyatından bəhs edir. Tamaşada rolları Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla Məmmədova, Kamran Muradlı, Orxan Firudinov və Şəmistan Süleymanlı ifa ediblər. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.