“Zülfiyyə Xanbabayevanın konsertimdə çıxış etməsini istərdim” - Emin

“Zülfiyyə Xanbabayevanın konsertimdə çıxış etməsini istərdim” - Emin
2457 dəfə oxunub
  • A-
  • A
  • A+
İlin sonuncu ayı hər kəsin sevimli ifaçısı Emin üçün olduqca məhsuldar keçəcək. Axşam.az 1news.az portalına istinadən xəbər verir ki, müğənni yubileyini pərəstişkarları ilə birlikdə qeyd edəcək. 35 yaşı tamam olacaq Emin ad günü ərəfəsində bir neçə konsertlə çıxış etməyə hazırlaşır.

- Emin, yubileyini konsert verərək qeyd edəcəyin xəbəri, yəqin ki, pərəstişkarlarını sevindirib...

- Bəli, 35 yaş hər insanın həyatında önəmli bir tarixdir. Bu günün daha da yaddaqalan olması üçün düz 3 tədbir keçirməyi planlaşdırıram. Biri dekabrın 4-ü mənim sevimli şəhərim- Bakıda, “Crystall Hall”da baş tutacaq. İkinci və üçüncü konsert isə Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində keçiriləcək. Bakıda təşkil olunan konsert xüsusilə fərqlənəcək. Hazırlayacağımız şounun pərəstişkarlarımı təəccübləndirəcəyinə inanıram.

- “Təəccübləndirəcək” deyərkən sizi təbrik etmək üçün səhnəyə çıxacaq ulduz qonaqlarınızı nəzərdə tutursunuz?

- Həmçinin, onları da. Səhnəni Moskvadan gələcək çox yaxın dostlarım - Stas Mixalkov, Qriqoriy Leps, Svetlana Lobodayla paylaşacam. Bundan başqa, İrina Dubsova, İqor Krutoy və İqor Nikolayevin də iştirakı gözlənilir. Həmçinin, “A-studio” qrupu da dəvətlilər sırasındadır.

- Ulduz qonaqlarınızdan başqa pərəstişkarlarınızı nə kimi yeniliklər gözləyir?

 - Əvvəla, “Crystall Hall” dəvət olunanlara tamamilə yeni tərtibatda təqdim ediləcək. Qonaqların izləyəcəkləri şoudan razı qalmalarını arzuladığımız kimi, həmçinin, onların performansı rahat şəraitdə izləmələrini də istəyirik. Məsələn, ayaqüstü yerdən əlavə, xüsusi oturacaqlar və VİP yerlər də olacaq. Tədbirimiz hər yaşın nümayəndəsi üçün nəzərdə tutulub. Bundan başqa, əsas sürprizlərdən biri də odur ki, konserti canlı orkestr müşayiət edəcək.

-Çox maraqlıdır. Bəs konsertinizdə azərbaycanlı ifaçıları da görə biləcəyikmi?

- Yaxşı fikirdir. Etiraf edim ki, Zülfiyyə Xanbabayevanın yaradıcılığını çox bəyənirəm. Konsertimdə onun çıxış etməyini istəyərdim. Bundan başqa, ənənəvi olaraq Müslüm Maqomayevlə virtual duetimizi mütləq ifa edəcəm.

- Bəs biletlərin qiyməti haqda nə deyə bilərsiniz?

- Biletlərin qiyməti 10 manatdan başlayacaq və yaxın günlərdə şəhərimizin kassalarında satışa çıxarılacaq. Hər kəsi öz konsertimə gözləyirəm!