Yerli məşhurların biabırçı cavabları - "Üzeyir Hacıbəyovu təbrik edirəm"

Yerli məşhurların biabırçı cavabları - "Üzeyir Hacıbəyovu təbrik edirəm"
2870 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, milli musiqimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.
 
Artıq neçə ildir bu gün Azərbaycanda Milli Musiqi Günü kimi də qeyd olunur.

Lent.az Milli Musiqi Günü ilə bağlı bir çox şou əhlinə müraciət edib. Görəsən, onların bu gündən xəbərləri varmı?
 
Xalq artisti Səməd Səmədov Azərbaycanda bu günün olduğundan xəbərsizdir:

“Açığı bilmirəm bu gün nə günüdür. Əslində siz məndən soruşmadan deməlisiniz ki, bu gün nə günüdür. Sualı düzgün vermədiniz. Mən bilmirəm nə günüdür. İndi saç ustamın yanındayam. Başımı yuyacaqlar. Daha sonra isə televiziya proqramına gedəcəm. Ona görə də...”.
 
Xalq artistinin bu sözlərindən sonra telefon xətti kəsilir. Təxminən 3 dəqiqə sonra S.Səmədov özü bizimlə əlaqə saxlayır:
 
“Belə deyim də, dünən mənim ad günüm idi. Mənim 5 nəvəm var. Allah hər kəsə nəsib etsin. Bu günün nə günü olmasını soruşursunuzsa, Azərbaycanda Milli Musiqi Günü, həm də Üzeyir Hacıbəyovun doğum günüdür. Mən də Üzeyir Hacıbəyovu təbrik edirəm”. 
 
Xalq artisti Bilal Əliyev isə sualımızı eşidib bəhanə gətirdi:
 
“Mən indi İngiltərədəyəm. Sağ olun”. 
 
Əməkdar artist Zöhrə Abdullayeva: 

 “Bakıdan kənarda olsam da, bilirəm ki, bu gün Azərbaycanda dahi Üzeyir Hacıbəyovun doğum günüdür”.
 
Müğənni Manaf Ağayev:

 “Bu gün Azərbaycanda Musiqi Günüdür. Bilirəm. Hətta bu günlə bağlı keçən il televiziya proqramlarının birində 1 saat solo çıxışım olmuşdu”.
 
Müğənni Təranə Qumrala
sualımızı ünvanlandıqdan sonra, telefon xətti kəsilir. Bir dəqiqədən sonra yenidən yığırıq:
 
“Hə, nədənsə telefon “otboy” getdi. Bu suala bəlkə balaca qızım cavab versin? Hə, qızım. Bu gün Azərbaycanda musiqi günüdür”.
 
Şou-biznesdə “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova:

 “Bu gün nə günüdür? Açığı Şəki də festivallar keçirilir... Dəqiq bilmirəm. Azərbaycanda nə günüdür? Mən indi maşın sürürəm, gözlə mən səni yığacam. Polis saxladı məni”.  
 
Müğənni Əlikram Bayramov:

“Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Təxmini 15-20 ildir ki, bu günü qeyd edirik”.
 
Xatırladaq ki, U.Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi kəndində anadan olub. Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i - böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. 

Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı. Prezidentin sərəncamı ilə hər il 18 sentyabr - Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı.