İlham Rəhimli ilə yubiley müsahibəsi

İlham Rəhimli ilə yubiley müsahibəsi
2180 dəfə oxunub
  • A-
  • A
  • A+

Teatrşünas-tənqidçi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin 65 yaşı tamam olub.

İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən kitablar yazıb, bunlardan “Sənət vurğunu”, “Səyavuş Aslan”, “Aktyora oxşamayan adam”, “Kəsişən paralellər”, “Barat Şəkinskaya”, “Səhnə sehrinin sirdaşı”, “Yaşadan əbədi Yaşar” və s. əsərləri xüsusi əhəmiyyətə malikdi. Bundan əlavə professor İlham Rəhimli müxtəlif Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidi. Bu əsərlər Dövlət Kukla Teatrı, Akademik Milli Dram Teatrı, İrəvan, Tiflis, Sumqayıt, Təbriz, Aşqabad və başqa teatrlar haqda dəyərli məxəzlərdir.
İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr tarixi” kafedrasında dərs deyir. Mədəniyyət kanalının direktor müavinidir. Televiziyada bir sıra layihələrin aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliyinin üzvüdür.

- İlham müəllim, ilk öncə sizi 65 illik yubileyiniz münasibətiylə təbrik edirəm. Maraqlıdı ki, zaman keçdikcə yaradıcılıq həvəsi azalırmı, bu yaşınızda xeyli maraqlı kitablar, monoqrafiyalar, məqalələr müəllifisiz, usanmadız ki bu işdən?

- Yox, qətiyyən. Əksinə hiss edirəm ki, enerjimlə, gücümlə imkanlarım üst-üstə düşmür. Daha çox işləmək, yazmaq istəyirəm. Bir neçə kitabım əlyazma şəklində qalır, çapını gözləyir. Mədəniyyət Nazirliyi Teatrın yubileyi ərəfəsində bir neçə kitabımın çapına kömək etdi. Amma indi bəzi yeni əsərlərim var ki, onların işıq üzü görməsi üçün maddi vəsait lazımdı. Hələ beynimdə olan yazıları, ideyaları demirəm.

- Bir sözlə sizin yaradıcı adam kimi mövzu, zaman, enerji, həvəs qıtlığınız olmur...

- İndiyə kimi bu sarıdan korluq çəkdiyim olmayıb. Çünki yazı masama bağlı adamam, araşdırdığım sahə dibsiz okeandı, nə qədər yazsan, yenə mövzu var, arxivlərdə işləməyi, yeni materiallar əldə etməyi də sevirəm. Bax elə bu qapını örtüb otaqdan çıxmadan işləyə, yaza bilərəm.

- Kitablarınızı oxuyanda, televiziya verilişlərində çıxışlarınızı izləyəndə adamda belə fikir yaranır ki, siz elə bu sahə üçün yaranmısız. Amma xatırlayıram, hansısa tədbirlərdən birində çıxış edərkən demişdiniz ki, heç teatrşünas olmaq istəməmisiniz...

- Elədir, mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də, dedilər, əvvəlcə rəssamlıq məktəbini bitir sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. (gülür) Teatrşünaslıq barədə elə ordakılardan soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə sənədlərimi verdim və qəbul olundum. Amma zamanla teatr mühitinə alışsam da, teatrşünas olacağıma, bu sahədə uğur qazanacağıma elə inamım yox idi...

- Bəlkə kənddə doğulub böyüməyiniz də burda rol oynamışdı?! Zəngin və “keşməkeşli” uşaqlığınız olub... Ancaq əyalətdə mühit başqa olub yəqin...

- Elədir. Teatr qanunlarından, qaydalarından tamam xəbərsiz idik. Kürü üzmək, pambıq yığmaq, uşaqlarla dalaşmaq, çoxlu məktəb dəyişmək filan, nə qədər istəsən... Başqa mühitdə yetişmişdim.

- Hələ tələbə olanda “səndən teatrşünas olmaz” deyib teatra buraxmamışdılar da sizi...

- (gülür) Doğrudu, bunu da dəfələrlə danışmışam. Tələbəykən “Hamlet” tamaşasının ictimai baxışına getmişdik, dostlarla arxa qapıdan birtəhər keçdik. Teatrın direktoru və rejissoru Əliheydər Ələkbərov dəhlizdə yaxaladı bizi, hardan gəldiyimizi, kimliyimizi, müəllimimizi öyrəndi, dedi Şekspiri tanıyırsız? Cavab verdik ki, tanıyırıq, Şekspirin əsərlərini sadaladıq. O biri dostlarımı buraxdı, məni buraxmadı, dedi, “Səndən teatrşünas olmaz”. Yəqin üz-gözümdən kəndçilik yağırdı, ona görə dedi bunu.

- Bəs, belə münasibət görəndə həvəsdən düşmürdüz?

- Yox, həvəsdən düşüb neyləyəcəkdim? Bu qapıdan qovdu, o biri qapıdan birtəhər saldım özümü içəri, baxdım tamaşaya.

- Maraqlıdı, istənilən öz sahəsində uğur qazanan adamın bioqrafiyasına nəzər salanda görürsən ki, mütləq əziyyət çəkib, haqsızlıqlarla üzləşib, sındırmağa, əzməyə çalışıblar, amma dözüb, sınmayıb və istədiyi, arzuladığı səviyyəyə çatıb. Bunu çoxlarının söhbətlərində, bioqrafiyasında görmək olur. Yəni heç mümkün deyil, asan yolla uğur qazanmaq?

- Əslində, mən bütün bunları elə ciddi çətinlik də hesab eləmirəm. Düzdü, çox maneələr, əngəllər olub, amma yəqin mən də inadkar, səbrli olmuşam. Bir də, məncə, şansın da rolu böyükdü. Məsələn, institutu bitirəndən sonra “Kommunist” qəzetinə işə götürülməsəydim, indi yəqin Yevlaxda klub müdiri filan olardım, ən yaxşı halda. Amma “Kommunist” qəzetində 19 il işləməyimin çox böyük faydası oldu mənə. Deyərdim ki, əsas həlledici rol oynadı teatrşünas taleyimdə...

- Bəs “Kommunist” qəzeti sizin üçün çərçivələr yaratmırdı? Partiya, onun qanunları, buna uyğun yazmaq... belə qəzetdə əsl sənətşünas araşdırmaları yaza, çap edə bilirdiz?

- Əlbəttə, rəhbərliklə razılaşdırmamış heç bir mövzuda yazmaq, çap olunmaq mümkün deyildi. Amma onu deyim ki, “Kommunist” qəzeti redaksiyası arxamızda dururdu deyə bir çox məsələlərdə prinsipial, sərt mövqe nümayiş etdirə bilirdik. Mən tənqidə çox meyilli idim. O zaman yazdığım hər yazının əks-sədası olurdu. Yadımdadı o vaxt elə bircə “Restoranda orkestr çalır...” adlı məqaləmə necə reaksiyalar vermişdilər. Bakıdakı restoranların əksəriyyətində  ermənilər çalırdılar, erməni mahnıları oxuyurdular, hətta bəzi gözdən uzaq restoranlarda Adronikin vəhşiliklərini tərənnüm edən mahnılar səsləndirirdilər. Bu haqda araşdırma aparıb, yazmışdım. Məsələ Mərkəzi Komitənin diqqətini çəkdi, Bakı Şəhər Partiya Komitəsinin iclasına çıxarıldı, 130-dan çox erməni işindən azad olundu. Yaxud suvenirlərin ermənilər tərəfindən hazırlanması, Azərbaycan koloritindən uzaq olması haqda yazmışdım, ciddi rezonans doğurmuşdu yazı.

- Yəni, o illərdə belə mövzularda asanlıqla yaza bilirdiz və bunu normal qarşılayırdılar? Görünür, ciddi priyomlarınız, yaxud “konspirasiya”  metodlarınız olub?

- Əlbəttə, elə yazırdıq ki, dəyib toxunmasınlar, qəzetdə buraxsınlar.

- İlham müəllim illər öncə baş vermiş hadisələrdən elə danışırsız, sanki dünən olub hamısı. Bunu daha çox “Sərbəst söhbət” verilişinizdə də müşahidə etmişəm. Bəzən qonaqlarınızın bioqrafiyasına aid onların özlərinin unutduğu məsələləri yada salırsız, bir də həmsöhbətinizin hansı sahəyə aidliyindən asılı olmayaraq, sanki onun haqqında hər şeyi bilirsiz. Hələ teatr tariximizi az qala əzbər bilməyinizi demirəm. Bu qədər informasiyanı necə yadda saxlayırsız? Müasir dünyada yaddaş gimnastikası, yaddaş məşqləri filan geniş yayılıb. Bəs sizin hansısa metodlarınız var?

- Yox, vallah, heç bir metod-filan yoxdu. Heç özüm də bilmirəm necə olur bu. Bəlkə təkcə oxumaqla yox, həm də bir çox korifeylərlə canlı ünsiyyətlərim sayəsində öyrəndiyimə görə, şəxsi müşahidələrimə, xatirələrimə söykənən faktların yaddaşımda həmişəlik qalmasına görə belədi, bilmirəm. Yaxşı yaddaşım haqda çoxları deyib mənə. Amma bunun xüsusi bir üsulu, qaydası yoxdu, təbiətin verdiyi yaddaşdı. Bir də, məncə, qəzetçiliyin böyük rolu olub bunda. Qəzetçilik çox şeyi öyrədib mənə, xəbərə hörməti, əldə etdiyin materiala diqqətli yanaşmanı, bildiyinin az hissəsindən istifadə etməklə yazmağı, dəyərli, vacib məsələləri yadda saxlamağı və s. Bunlar hamısı uzun illər qəzetdə işləməyimin sayəsində olub.

- Bildiyimə görə, “Kommunist” qəzetində çalışanda çox populyar olmusunuz? Adətən şöhrət mane olur yaradıcı adama. Sizin isə vikipediya səhifənizə baxanda adamın gözü qaralır. Yəni heç dayanmaq, fasilə vermək istəyiniz olmayıb?

- Yox, əlimdən başqa iş gəlmir axı. İşsiz də darıxıram, ona görə mütləq nəsə yazmalıyam, çalışmalıyam. Məsələn, mən iş götürüb müdafiə etməyimin tarixçəsini kimə danışıramsa, təəccüblənir. Namizədlik dissertasiyası müdafiə edənə kimi az qala altı müxtəlif mövzuda dissertasiya yazmışam. Mane olurdular, qoymurdular müdafiə etməyə, axırda rəhmətlik Yaşar Qarayevin köməkliyi ilə filologiya üzrə müdafiə etdim.

- Kim idi mane olan? Niyə öz sahəniz üzrə müdafiə etməyə qoymadılar?

- Müxtəlif səbəblərdən mane olurdular. Cəfər Cəfərovun tələbələrini, dissertantlarını vururdular o zaman, əvvəlcə ona görə mane oldular. Sonra başqa səbəblərdən. Amma mən də inadkar idim, mane olduqca, haqqımda ora-bura yazıldıqca, daha da çox inada düşüb davam edirdim. Axır ki, müdafiə etdim. Amma sonralar doktorluq işimdə də bəzi əngəllərlə qarşılaşdım. Onda da çox əziyyət çəkdim.

- Qürur duyulası məsələlərdən danışırsız, amma elə adi şərh edirsiz ki, bunları? Bu nədi, təvazökarlıq, ya artıq hər şey adiləşib sizin üçün?

- Görünür, adiləşib... Bilmirəm. Ümumiyyətlə, bəzən qarajın küncündə qalaqlanmış kitablarıma baxanda təəssüflənirəm. Düşünürəm, bəlkə də bütün bu işlər heç kimə lazım deyil?

- Heç bayram ovqatında deyilsiz, İlham müəllim...

- Nə bayram? Yubileyim? İnanın ki, unutmuşdum doğum günüm olduğunu. Səhər qardaşım zəng edəndə xatırladım.

- Unutmuşduz? Axı bir az əvvəl yaxşı yaddaşınızdan danışdıq...

- Görünür, məhz bu məsələdə yaddaş korşalıb. Mənim üçün adi günlərdən biridir. İşdə, yazı masamın arxasında oldum bütün günü. Kompyuterimin yaddaşında 7 kitabım növbə gözləyir, onlara arada qayıdıram, baxıram, düşünürəm. Narahatlıqlarım da, sevinclərim də əsasən sənətimlə bağlıdı.

- Son dövrlər Azərbaycan teatrının durumunu necə dəyərləndirirsiz? Nələr sizi sevindirir, nədən narazı qalırsız?

- Teatrlarımızın təmir olunması, son avadanlıqla təchizatı çox sevindirir. Artıq aktyorlar əziyyət çəkmirlər. Eyni zamanda teatrlarda maaş yüksək olmasa da, Prezident təqaüdləri bir çox aktyorların maddi sıxıntı çəkməməsinə kömək olur. Amma bəzən aktyorların işləmək istəməməsi, 3 ildə beş normal rol ortaya qoymaması məni çox incidir. Əlbəttə, ayrı-ayrı uğurlu işlər, tamaşalar var, amma bütöv halda deyə bilmərəm ki, razıyam indiki durumdan.

- Yadımdadı, bir neçə ay öncə teatrla bağlı narahatlıqlarınızı ifadə edən yazınız getmişdi mətbuatda. Aktyorun necə yetişməsi, baş rejissorun teatrda vacibliyi haqda maraqlı fikirləriniz vardı.

- Bəli, bu gün də o fikirdəyəm ki, teatrda mütləq baş rejissor olmalıdı. O teatrın repertuarını, aktyorların öz üzərində çalışması üçün lazım olan işləri yönləndirməlidi. Təkcə aktyoru yox, dramaturqun özünü də teatr yetişdirə bilər. Bir şərtlə ki, qarşılıqlı iş olmalıdı. Lap gənc bir qələm adamı, dramaturji “ukladı” olan yazıçı zamanla, teatrla, baş rejissorla işlədikcə, pyesləri bir müddət qoyulmasa da, müzakirə olunduqca, səhvləri deyildikcə, o yetişəcək. Bir çox dramaturqlar belə yetişiblər, teatr özü onları bu mühitə cəlb edib. İndi isə bütün bu ənənə təəssüf ki, unudulub.

- Sizcə, bərpa etmək mümkündü? Çıxış yolunu nədə görürsüz?

- Yalnız işləməkdə, şəxsi ambisiyaları kənara qoyub sənətə xidmət etməkdə. Məsələn, hal-hazırda teatrımızda olan Bəhram Osmanov – Əli Əmirli birgə fəaliyyəti, qarşılıqlı əməkdaşlığı kimi “duetlər” daha çox olmalıdı. Baxın bu iki sənətçinin – rejissor və ssenaristin qarşılıqlı işi nəticəsində nə qədər uğurlu tamaşalar gəlib səhnəmizə. Eyniylə bu şəkildə gənclər də teatra, rejissorlarla işə cəlb olunmalıdırlar.

- İki il öncə II Bakı Teatr Konfransında etdiyiniz çıxış yadımdadı. Teatrlarımızın ölkədən kənara az-az çıxması, xaricilərin bizim pyeslərə quruluş verməməsi haqda ağrılı bir çıxış etmişdiniz... Azərbaycan teatrlarına xarici rejissorlar kifayət qədər tez-tez dəvət olunur. Bəs bütün bu işlərin qarşılıqlı olmamasının səbəbi nədi?

- Əvvəla deyim ki, teatr konfranslarının, festivalların əhəmiyyəti böyükdü. Ən azından gəlib Azərbaycanda teatrların varlığını, səviyyəsini görürlər. Çünki təəssüflər olsun ki, bəzi ölkələrdə heç bizdə teatrın olması haqda belə təsəvvürləri yoxdu. Ona görə qonaqların gəlib bütün bunları görməsi, müşahidə etməsi vacibdi. Amma mənim o çıxışımda da əsas vurğu onun üzərində idi ki, əməkdaşlıq qarşılıqlı olmalıdır. Biz xaricdən rejissor dəvət edirik, gəlir burda tamaşa qoyur. Çox yaxşı. Amma bizdə də istedadlı, peşəkar rejissorlar çoxdu, onlar da gedib xarici ölkə teatrlarında tamaşalar qoymalıdırlar. Təkcə qardaş Türkiyə ədəbiyyatından onlarla pyes qoyulub teatr səhnələrimizdə. Amma gəlin görək Türkiyədə bizim dramaturqların əsərlərinə müraciət edirlərmi? Bəlkə bir-iki dəfə Axundzadənin əsərlərini qoyublar, vəssalam. Yaxud niyə biz xaricə, hansısa festivala gedəndə əcnəbi əsəri aparmalıyıq ora. İngilisə maraqlı deyil axı bizim teatr Şekspiri necə anlayıb, necə qoyub?! Ona maraqlıdı ki, bizim özümüzün olan, milli olan nəyimiz var? Bax bu məsələlər məni narahat edir, dediyiniz çıxışımda da bir çox məqamları dilə gətirdim.

- Bu dediyiniz problemlərin həllində tərcüməçilərin də boynuna hansısa vəzifə, məsuliyyət düşür, elə deyilmi?

- Əlbəttə, tərcümə sahəsində boşluqlar bir çox problemlərin yaranmasına səbəb olur. İnanıram ki, bu məsələ də tezliklə həllini tapacaq. Ən azından son vaxtlarda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması xeyli ümidləndirdi bizləri.

- İlham müəllim, bayaq dediniz ki, Sovet dövründə “Kommunist” qəzetində bir dənə felyeton, yaxud tənqidi məqalə yazırdız, ölkə bir-birinə dəyirdi. İndi bir az fərqlidi hər şey. Yazılanlar elə effekt vermir. Öyrəşdiyiniz reaksiyaları görməməyiniz necə təsir edir sizə?

- Bax, bu da ağrılı məsələdi. İndi tənqidə dəhşətli dözümsüzlük var. O zaman hətta haqqında felyeton yazdığın adam gəlib səni tapırdı, deyirdi haqlısan, düz yazmısan. Bəziləri ilə sonradan dostlaşırdıq da. İndi belə deyil. Hansısa qüsurları lap yüngül formada dedin, xəfif tənqid etdin, o tərəfdəkilər olur səninlə düşmən, hətta təhqirə də keçirlər. Əvvəl bir tamaşadan resenziya yazırdıq, bunu teatr rəhbərliyi iclasda müzakirə edirdi, qüsurları anlamağa, aradan qaldırmağa çalışırdı. Amma indi tənqidçiyə dastan boyda cavab da yazırlar ki, sən haqsızsan. Və qeyri-ciddi, naşı “cavab”a yenidən oturub dəlil-sübutla nəsə yazmağa həvəs də olmur.

- Bəs sizcə şəxsi münasibətlər incəsənətin, teatrın bugünkü durumuna necə təsir edir? Ümumiyyətlə edirmi?

- Hər halda edir. Azərbaycandı və hansısa yazılmamış qanunları var. Ancaq uzaqbaşı orta səviyyədə işə yaxşı deyərlər, amma pisin təriflənməsi nadir hallarda ola bilər. Hər halda mən pisə yaxşı deməmişəm heç vaxt.

- Əslində, maraqlı bir məqama yaxınlaşdıq. Mədəniyyət kanalında tamaşaları təqdim edən, teatr repertuarlarından bəhs edən verilişlər aparırsız. Haqqında danışdığınız tamaşaların hamısını doğrudan da bəyənmisiz?

- (gülür) Yox, yəqin ki, bəyənmədiyim də olub.

- O verilişlərin bir çoxunu izləmişəm. Teatr repertuarlarında olan tamaşaların da çoxuna baxdığımdan, bəzən söz səxavətinizi də hiss eləmişəm verilişlərdə... Məncə, bəzi rəylərinizdə dostluq, yaxınlıq münasibətləri rol oynayır, elə deyilmi? Hər halda kimlərinsə xatirinə dəymək istəmirsiz.

- Haqlısız. Amma gəlin verilişin formatını da nəzərə alaq. Məsələ burasındadır ki, bizim verilişlərin əsas məqsədi tamaşaçını teatra cəlb etməkdi. Yəni bir növ reklam xarakteri daşıyır. Biz əsasən rejissoru, baş rolların ifaçılarını çağırıb dəyirmi stol arxasında söhbət edirik. İstəyirik heç olmasa hansısa məsələ ilə, bəlkə aktyorun etirafı, bəlkə rejissorun izahı ilə tamaşaçını maraqlandıraq, teatra gəlsin. Ona görə o cür verilişlərdə mənim tənqidçi fikirlərimi ortaya qoymağım düz olmaz. Dostlarımın uğursuz, yaxud mənim zövqümdə alınmayan işlərinə gəldikdə isə, belə məqamda əlimdən yalnız bir şey gəlir. Sadəcə susuram. Daha doğrusu qələmim susur. Fikirlərimi, iradlarımı təkbətək söhbətlərimizdə bildirirəm.

- Necə reaksiya verirlər?

- Əksər hallarda razılaşırlar. Yaxud öz arqumentlərini gətirirlər. Sənət mühitində çox təbii prosesdi. Müzakirəsiz, polemikasız olmaz.

- İstərdim bir az da müəllimlik fəaliyyətinizdən danışaq. Tələbələrinizlə də sənət müzakirələri, polemikalarınız olurmu?

- Əlbəttə. Tələbənin hazırlıq səviyyəsindən asılı olmayaraq,  mütləq müzakirələrə cəlb edirəm. Bu, onlarda fikri yığcam ifadə etmək bacarığı formalaşdırır. Eyni zamanda onları nəsə yazmağa, araşdırmağa alışdırıram. Gördüyüm işin nəticəsi olanda daha da həvəslənirəm, sevinirəm. Məsələn, indi burda Mədəniyyət kanalında bir neçə gənc yetirmələrim var, bizimlə çiyin-çiyinə çalışırlar, onların uğurlarını müşahidə edib, necə inkişaf etdiklərini görüb qanadlanıram.

- Amma bayaq deyirdiniz ki, yazdığınız kitablar heç kimə lazım deyil...

- Əslində elə yəqin əsas təsəllimiz bu gənclərdi, ümidimiz də onlaradı.

- Bilirik ki, İncəsənət Universitetinə bəzən təsadüfən gəlib çıxan adamlar da olur. Ümumiyyətlə bu sahədə qabiliyyəti olmayan adama nəsə öyrətmək mümkündü?

- Nəsə öyrətmək olar, amma çox şey öyrətmək mümkün deyil. Çünki baza, yəni ruh, istedad yoxdu. Ona görə mən qabiliyyətinə inandığım tələbələrlə, proqrama daxil edilməyən fərdi saatlarda da məşğul oluram. Əsas prinsipim qarşılıqlı inam və ehtiramdı. Tələbəyə hörmətim olmasa, ona heç nə öyrədə bilmərəm. Həm də bizim sahəmiz də başqadı. Riyaziyyatçının dediyi mühazirə, apardığı məşğələ ilə bunun arasında çox böyük fərq var. Bir də tələbələrimlə ünsiyyətdə bilmədiklərimi də öyrənirəm, auditoriyada öyrətməkdən əlavə öyrənməyə də səy göstərirəm.

- Yəni bu sahə ilə bağlı öyrənməli olduğunuz nə isə qalıb?

- Əlbəttə. Çox şey. Baxın stolumun üstü doludu arxiv materialları ilə. Hələ də oxuyuram, araşdırıram, öyrənirəm. Yaddaşımı təzələyirəm.

- İlham müəllim, “Sərbəst söhbət” verilişinizi əsasən izləyirəm, bir çox buraxılışlarına baxmışam. Qonaqlarınızı onların yaradıcılığı haqqında danışdıranda çox sərbəst olursunuz. Bəs indi necə özünüz haqda danışmaq diskomfort yaratmadı ki?

- (gülür) Yox. Elə burda da verilişdə olduğum kimi sərbəstəm. Sərbəst və səmimi.

- Bəs rəqəmlər necə rahatsız etmir sizi? Məsələn, 65 rəqəmi?

- Qətiyyən. Rəqəmlərin yaradıcılığıma, işimə, səhhətimə  ziyanı yoxdusa nədən narahat olum ki!?

- Son olaraq sizi yubileyiniz münasibətiylə bir daha təbrik edir və maraqlı söhbət üçün minnətdarlığımı bildirirəm.

- Mən də sizə təşəkkür edirəm. Baş redaktorunuz Rəşad Məcidin diqqəti və zəngi məni xeyli təsirləndirdi. Qəzetinizin redaksiya heyətinə, başda Rəşad müəllim olmaqla, hamısına salamlarımı çatdırın.

Pərvin,
"525-ci qəzet"