Xalq artisti Aygün Kazımova ağır xəstəliyə tutulması xəbərinə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, müğənni açıqlamasında bunları bildirib:
“Artıq bir neçə gündür Bakıdayam. Aprelin 5-də İstanbula səfər etdim və bunu İnstaqramdakı izləyicilərimlə bölüşdüm. Axı mən hər dəfə qeyd edirəm ki, mənim heç kəsdən gizləyəsi addımım olmayıb. Sevincimi, kədərimi, ağrımı, acımı hər dəfə sizlərlə bölüşmüşəm. Vətəndən kənar olsam da, Vətənim və vətəndaşlarımla birgə olduğumu hər dəfə hiss etdirmişəm. Bu. Mənim vətəndaşlıq borcumdur. Bu görüntüləri paylaşanda mən Acıbadəm Xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyata görə. Bu estetik əməliyyatdan sonra elə İstanbulda imic dəyişikliyi etdim. Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması guya yasaq olacaq diaqnozum. Aprelin 5-də necə sağ-sağlam İstanbula yola düşmüşdümsə, aprelin 7-də də elə sağlam,hətta yeni “şamplena” görkəmimlə Vətənimə döndüm. Bu gün məkirli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki illərdir müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın,mənim olmayan xəstəliyimdən yox. Xəstəliyim haqda yaydığı xəbər şər və böhtandır.Mən ildə bir neçə dəfə Acıbadəm Xəstəxanasına gedirəm,bunun məqsədi estetik əməlyatlarımla bağlıdır və bunu hər zaman elə özüm söyləyirəm.Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensassiyalı xəbərdir? Görünür, vəkilin xəbəri bu cürə yaymaqda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır. Əgər mən susuramsa, bu o demək deyil ki, mən məğlub tərəfəm. Sadəcə, boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm”.
Xatırladaq ki, Natavan Həbibinin vəkili Fərid Həsənov “qafqazinfo”ya açıqlamasında qeyd edib ki, dekabrdan etibarən xəstəliyi ilə bağlı olaraq xalq artistinin sözügedən qadağası ləğv edilib:
“Dekabrda Aygün Kazımovanın vəkili Ədliyyə Nazirliyinin İcra şöbəsinə müraciət edib. Quruma xalq artistinin ağır xəstə olması barədə sənəd təqdim edilib. Müğənninin müalicəsinin ölkə daxilində mümkün olmadığı bildirilib. Çox ağır xəstəliyə tutulub, ona görə də təcili xaricə getməlidir. İcra haqqında qanuna görə, şöbənin belə bir səlahiyyəti var ki, onun qadağası ləğv edilsin. Biz də dedik ki, ehtiyac varsa, getsin. Sağlamlıq hər şeydən önəmlidir. İcrada sənətçinin ağır xəstəliyi barədə arayış var, ekspertlər yoxlayıb, Aygün Kazımovanın xəstə olması sübuta yetirilib. Xəstəliyinin adını isə açıqlaya bilmərəm”.
Aygün Kazımova açıqlamasında mətbuatda haqqında aparılan qara piar kampaniyasına da toxunub:
“Məhz elə bu günlərdə mənə edilən növbəti qara piara da toxunmaq istəyirəm. Mən yenə də susuram. Bu günlərdə gündəmə bu kimi mövzuları gətiməkdənsə, birləşək, birlik nümayiş etdirək. Hər gün bir ananın gözü yaşlı qalır.Hər gün Vətənə bir şəhid qurban veririk. Dərdimiz, məqsədimiz bir olmaqdansa,özümüz öz içimizdə özümüzü vururuq.
Bəsdir, "Müsavat", yalan və cəfəngiyat xəbərləri yayıb Azərbaycanın əsas problemindənsə məsələni ayrı səmtə yönəltdin. Bir daha deyirəm, sapı özümüzdən olan baltalar olmayaq. Düşmən baxıb sizin mənə atdığınız şərlərdən sevinməsin və özlərinə sərf edən formada istifadə edib təqdim etməsin. Çünki bizim mətbuatı düşmənlərimiz qarabaqara izləyir. İndi müharibə təkcə cəbhədə deyil, mediada da gedir. İnformasiya müharibəsi zamanı yerli saytlarda bu cür cəfəngiyat xarakterli, məkrli, şər-böhtanla dolu yazıları sifariş edən, araşdırmadan yazan, görəsən, bizim xalqın nümayəndəsidirmi? Mən inanmıram ki,damarında vətənpərvər qanı axan kimsə öz millətinin nümayəndəsini bu yolla ləkələsin.
"Müsavat" saytının hansısa cinsi azlığın sözü ilə gündəmə gətirdiyi məkrli məlumatı barədə açıqlama vermişdim və mənə atılan şərə görə yazı müəllifini, saytı məhkəməyə vermişəm. Bu günlərdə “Müsavat”da çıxan növbəti yazıda guya mənimlə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparıldığı qeyd olunub. Mənim özüm üçün də maraqlıdır, o necə araşdırmadır ki, "Müsavat" saytının xəbəri var, amma mənim xəbərim yoxdur?! Araşdırılan şəxs mənəmsə, mənə zəng gələr, məktub göndərilər, sorğu-sual olunaram. Bəsdir, öz saytınız ətrafında uydurduğunuz və mənimlə bağlı gözə soxmaq istədiyiniz cəfəngiyat yazının böyük səs-küy yaratdığını deyib, öz ətrafınızda sabun köpüyünü xatırladan ajiotaj yaratdınız. İndi Aygün, qeyri-Aygün, şou-biznesdəki qalmaqalları gündəmə gətirmək zamanı deyil.
"Müsavat", sizə gündəm lazımdırsa, mən gündəmi sizə verərəm. Amma indi yox. zamanı gələndə. Bu gün müxalifət və iqtidar bir olub, hər zamanki kimi Ali Baş Komandanın siyasətini dəstəkləməlidir. Mən də bu yolu tuturam”.

