Xəyyam "Qələbə" üçün ulduzları bir araya yığdı - Fotolar+Müsahibə

Xəyyam "Qələbə" üçün ulduzları bir araya yığdı - Fotolar+Müsahibə
1074 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xəyyam Nisanov bu gün tamaşaçılara "Qələbə" adlı yeni ekran işini təqdim edib.

Sənətçi bir çox məşhurun bir araya gəldiyi klipi ilə bağlı Axşam.az-a müsahibə verib:

- "Qələbə" kimin ideyası idi və necə ərsəyə gəldi? 

- İdeya təklifi məndən gəldi, dostum, peşəkar aparıcı Leyla Quliyeva ilə əlaqə saxladım və ona bu günlərdə bir layihə etmək istədiyimi söylədim. O da sağ olsun, təklifimi qəbul etdi və layihəni daha da zənginləşdirərək müxtəlif musiqi janrlarını bir araya gətirərək, bərabər "Qələbə" layihəsini yaratdıq.

 

- Ekran işin gördüyümüz qədəri ilə layihədə Xalq artistləri Alim Qasımov, Natiq Şirinov, Əməkdar artist Şirzad Fətəliyev və müğənni Jah Xalid yer alıblar. Seçim sizin idi?

- Həmişə arzum olub ki, bu sənətkarlarla bir layihədə iştirak edim. Billirsiniz, mən uşaqlıqdan nağarada ifa etməyi bacarıram və belə şərəfli günlərdə bu missiyada çıxış etmək qismətimdə var imiş. Eləcə də Natiq Şirinov, Alim Qasımov kimi böyük sənətkarla eyni layihədə olmaq, Şirzad Fətəliyev kimi musiqiçiylə, Azərbaycanı xaricdə layiqincə təmsil edən Jah Xalidlə çalışdıq. Məqsəd vətən üçün idi və bu layihəmi Qələbəmizə həsr edirəm...

 

- "Qələbə"ni digər vətənpərvərlik mövzusunda olan mahnı və kliplərdən nə fərqləndirir?

- Bütün layihələr vətən üçündür, ona görə də hər biri gözəl idi. Bizim bu layihədə fərq onda idi ki, müxtəlif musiqi janrları öz əksini tapdı və ilk dəfə klipimdə tamaşaçı qarşısında nağara ifamla iştirak etdim.

 

- Göründüyü qədəriylə böyük bir iş ərsəyə gətirmisiniz. Bir az çəkiliş prosesindən danışardınız.

- Layihənin rəhbəri Leyla xanım Quliyevanın həyat yoldaşı, peşəkar televiziya işçisi Abbas Quliyev bu klipin rejissorluğunu etdi, keyfiyyətdən çox məmnun qaldım. Klipin çəkilişləri Qobustanda aparılıb. Hava çox soyuq idi, buna baxmayaraq komanda böyük həvəslə çalışdı. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Hamı çalışdı, çünki burada söhbət Vətən mövzusundan gedirdi. Çəkiliş prosesi ilə bağlı xatirələrim çoxdur. Hamısı da gözəl xatirələrdir.

 

- Gələk Xəyyam Nisanovun bir müddət əvvəl sosial şəbəkədə qalmaqal yaradan paylaşımına. Rusiyada məşhurlaşan azərbaycanlı ifaçıları tənqid etmişdiniz. Sizə bununla bağlı zəng etdilər?

- Hər dəfə bu barədə danışmağa ehtiyac yoxdur, mənim məqsədim çətin günlərdə bütöv Azərbaycanın bir olması, bərabərliyimizi göstərmək idi. Heç də kimisə gözdən salmaq istəmirdim, sadəcə, çağırış etdim, bu qədər. Düşünürəm ki, çağırışım ünvana çatdı.

- Sizcə, onların müharibə ilə bağlı az paylaşım etməsinə səbəb nə idi? 

- Vətənpərvərlik ürəkdən gəlməlidir. Bu cavab məndə deyil...

 

- Amma sizin tənqiddən sonra paylaşım edənlər də az olmadı. 

- Nə yaxşı... Ona sevindim... Demək ki, çağırışım öz ünvanına çatıb.

- Bu qalmaqaldan sonra Xəyyam Nisanovun Rusiyada tanınan Jah Xalidlə işbirliyi qurması maraqlı gəldi.

- Çünki Jah Xalid daima öz vətənpərvərliyini nümayiş etdirdi. Bu layihəni müxtəlif musiqi janrları birləşdirir. Rep hissəsi üçün də Jah Xalidi seçdik. Düşünürəm ki, pis alınmayıb.

 

- Bir müddət əvvəl demişdiniz ki, efirləri xoşlamıram. Sizcə, müğənni efirə çıxmadan işlərini necə təqdim etməlidir?

- Çox nadir hallarda efirə çıxıram, amma radioları sevirəm. Sizin kimi maraqlı xəbər portalları var, indi internet dövrüdür... Hərənin öz kanalı var... Bu layihəni yeri gəlmişkən, bu gündən bütün musiqi platformalarında dinləyə biləcəksiniz.