“Polad Həşimovun ölümündən sonra orduya könüllü yazıldı...” - Fotolar

“Polad Həşimovun ölümündən sonra orduya könüllü yazıldı...” - Fotolar
693 dəfə oxunub
  • A-
  • A
  • A+

44 günlük Vətən müharibəsinin şəhidlərindən biri də Tovuzun Xatınlı kəndindən olan 26 yaşlı Vüqar Əmrahovdur. Müharibə başlayanda Vüqar cəmi bir ay idi ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmətə başlamışdı. O, həm də Aprel döyüşlərinin qazisi idi. Həmin vaxt ayağından yaralandığından 3 həftə Gəncə hospitalında yatmışdı. 

Axşam.az “Qafqazinfo”ya istinadən bildirir ki, şəhidin anası Elnarə Əmrahovanın sözlərinə görə, Tovuz hadisələri, general Polad Həşimovun ölümü oğluna çox pis təsir etmişdi. Bütün olanlar onu hərb sənətinə bir az da meyilləndirdiyindən könüllü orduya yazılıb:

“Hələ yay aylarında digər gənclərlə birlikdə Ağdama - Əlibəyli kəndinə yardımlar təşkil edirdi. Avqust ayında isə qəti qərar verdi və müddətdən artıq hərbi qulluqçu kimi işə qəbul olundu. Mən döyüş bölgəsində yaşayan biri kimi bilirdim ki, nə vaxtsa döyüşlər yenidən başlayacaq. Ona görə oğlumun hərbi xidmətə başlamasına razı deyildim. Onda mənə dedi ki, ana, mən getməyim, sən getmə, o biri getməsin, bəs kim döyüşsün? Oğlum çox vətənpərvər idi. Kaş kəndimizə gələ bilərdiniz, görərdiniz ki, o kənddə necə özünə hörmət qazanıb, özünü necə sevdirib...”

Vüqar Əmrahovun arzuları çox idi. Anası deyir ki, oğlu bir müddət işlədikdən sonra ərizə yazıb Türkiyədə kurs keçmək, hərbi təhsil almaq istəyirdi:

“Döyüşlər başlayanda onları Murova aparmışdılar. Mən də sonradan xəbər tutmuşam. Sonuncu dəfə bizimlə oktyabrn 1-də danışıb. Gecə zəng elədi ki, ana, məndən nigaran qalmayın, mən yaxşıyam. Məndən sonra isə gecə saatlarında əmisi oğlu Eminlə votsap vasitəsilə yazışıb. Deyib ki, dağa qalxırıq, amma evdəkilərə bildirmə, döyüşə girəcəyik. Mənə bir şey olarsa, evdəkilər sənə əmanət. Bir də 1 manatlıq kontur istəyib. Son sözləri bu olub”.

Sonuncu zəngindən bir həftə keçəndən sonra ailəsi ondan narahat olmağa başlayıb. Əvvəlcə düşünüblər ki, müharibədir, ola bilər telefon işlətmək mümkün deyil. Amma günlər keçdikcə davam edən susqunluq onları Vüqarın xidmət etdiyi hərbi hissəyə aparıb:

“Oktyabrın 9-dan sonra narahat olmağa başladım. O Aprel döyüşlərində də, başına güllə yağa-yağa mənə zəng edirdi, məni nigaran qoymurdu. Hərbi hissəyə getdik, bizə dedilər ki, oğlum da daxil olmaqla 32 nəfər itkin sayılır. Təxmini aldığımız məlumatlara görə, onlar oktyabrın 5-dək döyüşüblər. Dağın başında olduqlarına görə, oktyabrın 3–dən onlarla əlaqə də kəsilib”.

E. Əmrahova deyir ki, Vüqarın yaxın münasibətdə olduğu döyüşçü yoldaşlarından yalnız birini tapa bilib. Cəbhə yoldaşının sözlərinə görə, onların hamısı Murov dağında bir neçə gün bütün briqada ilə bir yerdə olub. Sonra isə 3 hissədən hücum əmri alınıb. Vüqar isə Ağdərə istiqamətində gedən dəstənin tərkibində olub: “Döyüşçü yoldaşı deyir ki, Vüqar düşmənin atdığı zərbələrdən gizlənmirdi. Ermənilər topla, minaatanlarla atəş açırdı, Vüqar gizlənmirdi. O silahını götürüb qabağa gedirdi. Bir də o “bronejilet”dən istifadə eləmirdi. Elə bilirdi ki, güllə ona təsir etməyəcək. O, hər şeyə qalib gələcək...”

Vüqar Əmrahovun şəhadətiylə bağlı xəbərini ailəsi dekabrın 24-də alıb. Dekabrın 25-də isə, doğulduğu Xatın kənd məzarlığında dəfn olunub.